Ukrayna Avropa İttifaqının Kiyevə 18 milyard avroluq maliyyə yardımının Macarıstan tərəfindən əngəllənə və ya ləngidilə biləcəyindən narahatdır.
Bunu Ukraynanın maliyyə naziri Sergey Marçenko Associated Press agentliyinə müsahibəsində deyib.
“Biz Macarıstanın Ukraynaya maliyyə axınının qarşısını ala və ya ləngidə biləcəyindən narahatıq. Lakin Avropa İttifaqı liderlərinin müdrikliyinin bütün problemləri həll edə biləcəyinə inanırıq”, - deyə Marçenko bildirib.
Ukraynalı nazir, həmçinin Avropa İttifaqını Kiyevə dəstəyi gecikdirməməyə və Ukrayna münaqişəsindən yorulmamağa çağırıb.
Bir müddət öncə Avropa Komissiyası 2023-cü il ərzində Ukraynaya 18 milyard avro həcmində iqtisadi yardım göstərmək barədə planını təqdim edib. Avropa Parlamentinin deputatları təşəbbüsü dəstəkləsə də, rəsmi Budapeşt hələlik buna razılıq verməyib. Macarıstanın Baş naziri Viktor Orban hesab edir ki, Ukraynadakı münaqişə Qərbə baha başa gəlir. (AZƏRTAC)