ABŞ-ın Nümayəndələr Palatasının nəzarət və hökumət islahatı komitəsi COVID-19 pandemiyasına qarşı mübarizə məqsədilə ayrılan vəsaitin necə və haraya xərcləndiyi ilə bağlı təhqiqata başlayacaq.
Bunu Kentukki ştatından olan konqresmen Ceyms Komer NBC telekanalına müsahibəsində deyib.
“Komitənin aparacağı təhqiqatda israfçılıq, fırıldaqçılıq və sui-istifadə hallarının araşdırılması prioritet təşkil edəcək”, - deyə Ceyms Komer bildirib. Onun sözlərinə görə, son üç il ərzində hər iki administrasiya koronavirusla mübarizə üçün ayrılan yüz milyardlarla dollar vəsaiti boş yerə sərf edib.
Komitə, həmçinin “işsizlik sığortası üzrə saxta fondların maliyyələşdirilməsi” mövzusunda dinləmələr təşkil edəcək. Təhqiqat çərçivəsində 40-dan 50-dək müxtəlif halların araşdırılması nəzərdə tutulur. Komitədə 25 konqresmen və 70 əməkdaş çalışacaq.
ABŞ prezidentinin baş tibbi müşaviri Entoni Fauçi dinləmələr başlayacağı təqdirdə ifadə verəcəyini və istintaqla əməkdaşlığa başlayacağını bildirib.
Ağ ev Ceyms Komerin müvafiq bəyanatını hələlik şərh etməyib.