Rusiya ordusunun Kiyev bölgəsinə endirdiyi raketlərdən biri çoxmərtəbəli yaşayış binasına, digəri isə infrastruktur obyektinə düşüb.
Xezerxeber.az xəbər verir ki, bu barədə Kiyev vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksey Kuleba məlumat verib.
“Bölgədə yaşayış sektoru və infrastrukturun vacib obyektlərinə zərbələr endirilib”, - deyə Kuleba bildirib.
Bundan əlavə, Kiyev vilayətinin Milli Polis İdarəsinin rəisi Andrey Nebitov yaşayış binasına düşən raketin nəticələrini əks etdirən kadrları yayıb. Orada zərbədən sonra yanğın başlayıb.
Dağıntılar zamanı xəsarət alanların olduğu bildirilir.
Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko isə tviter hesabında yazıb ki, Rusiyanın Kiyevə endirdiyi raket zərbələri nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb.
Kiyev vilayəti üzrə Milli Polis İdarəsinin rəisi Andrey Nebitov da ölənlərin olduğunu bildirib.
Qeyd edək ki, paytaxt Kiyevdə də partlayış səsləri eşidilib. Paytaxtın sol sahilində elektrik enerjisinin verilişində ciddi problem yaranıb.
Kiyevin meri Vitali Kliçko paytaxtın infrastruktur obyektlərindən birinin raket zərbəsindən ciddi zərər gördüyünü açıqlayıb.
İlkin məlumata görə, ölkənin bir çox bölgələrində, o cümlədən Poltova, Dnepropetrovsk, Odessa, Çerkası, Jitomir, Lvov, Kiyev vilayətlərində Ukraynanın havadan müdafiə sistemləri işləyib.