ABŞ Ukraynaya 20 milyard dollardan çox hərbi yardım ayırıb və Kiyevə dəstəyini davam etdirəcək.
Xezerxeber.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin İndoneziyada keçirdiyi mətbuat konfransında deyib.
“İndiyədək biz Ukraynaya 20 milyard dollardan çox yardım etmişik. Siz bizim dediyimizi eşitmisiniz: Ukraynanı nə qədər lazımdırsa, bir o qədər dəstəkləməyə davam edəcəyik", - deyə Pentaqonun başçısı bildirib. Onun sözlərinə görə, Ukraynaya digər dövlətlər də fəal kömək göstərir və Kiyev döyüş meydanında uğur nümayiş etdirir.
Lloyd Ostin qeyd edib ki, ABŞ ukraynalıları qışda döyüşməyə hazırlamaq və qış aylarında düşmənə təzyiq etmək imkanı yaratmaq üçün çox iş görüb: “Düşünürəm ki, onlar düşməndən xeyli yaxşı şəraitdə olacaqlar”.
O, əlavə edib ki, Pentaqon hadisələrin necə cərəyan edəcəyini bilmir, lakin hər bir halda Ukraynanı dəstəkləməyə davam edəcək.