Xəzər Xəbər

Frankofoniya sammitində erməni kakofoniyası

Dünya | 21:41 • 19 Noyabr 2022
Frankofoniya sammitində erməni kakofoniyası

Bu gün Tunisin Cəbrə adasında Beynəlxalq Frankofoniya Təşkilatının 50 illik yubiley sammiti keçirilir. Fransızdilli ölkə olmamasına rəğmən yalnız Parisin himayəsinə sığınmaq məqsədilə bu amorf təşkilatda təmsil olunan və sədrlik edən Ermənistanın sədrliyi Tunisə təhvil verdiyi bu tədbirdə ermənilərin çıxışları əsl kakofoniyanı (qədim yunancadan tərcüməsi “eybəcər səslər” deməkdir) xatırladır. Sammitin noyabrın 18-də nazirlər səviyyəsində keçirilən görüşündə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycan əleyhinə bəyanat səsləndirib və bu sərsəm iddialarını dövlət və hökumət başçılarının qəbul edəcəyi yekun sənədinə əlavə etməyi təklif edib. Lakin bir sıra üzv və assosiativ üzv ölkələr, həmçinin müşahidəçi qismində tədbirdə iştirak edən dövlətlərin nümayəndələri buna etiraz əlaməti olaraq iclası tərk ediblər.

Hazırda davam edən və noyabrın 20-də başa çatacaq dövlət və hökumət başçılarının zirvə toplantısında isə çıxış edən Ermənistanın baş naziri Nikol Paşinyan qlobal sistemdə dövlətlərin suverenliyinə hörmət etməyin zəruriliyini deyib. Bəzi iştirakçılar bu fikirləri istehza ilə qarşılayıblar. Axı onlar çox gözəl bilirlər ki, 30 ildən artıq müddətdə ermənilər məhz bu prinsipi pozaraq Azərbaycan ərazilərini işğal altında saxlayıb, indi də Qarabağdan silahlı quldurlarını çıxarmaq istəmirlər. Paşinyan iddia edib ki, Azərbaycanla sülh danışıqları yoluna sadiqdir və beynəlxalq ictimaiyyət də buna dəstək verməlidir. Hələ də təxribatlardan əl çəkməyən, öz havadarlarının dəstəyi ilə revanşist xəyallar quran Ermənistanın baş nazirinin mədəniyyət və fransız dili yönümlü olan təşkilatın tədbirindəki çıxışı da göstərir ki, əslində, ermənilər sülhə sadiq və layiq olmayan bir toplumdur.

Tunis sammiti digər ziddiyyətli məqamlarla müşahidə olunur. Məhz Fransanın uzun əsrlər soyub taladığı yoxsul Afrika dövlətlərinin başçıları öz həmkarları Emmanuel Makrondan yardım istəyir, frankofoniya təşkilatında həmrəyliyin olmamasından giley edirlər. Digər tərəfdən, təşkilatın ruandalı baş katibi Lusi Muşikivabo bəyan edib ki, fransız dili beynəlxalq forumlarda daha az səslənir və ingiliscə hakim mövqeyə sahib olub. Fransa Prezidenti də çıxışında vurğulayıb ki, Afrikada əhalinin sürətli artımına baxmayaraq, fransız dilində danışanların sayı getdikcə azalır.

AZƏRTAC Tunisin TAP agentliyinə istinadla xəbər verir ki, 30 ölkədən dövlət və hökumət başçısının iştirak etdiyi bu sammitdə Makronla yanaşı, Kanadanın Baş naziri Castin Trüdo, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel də iştirak edirlər. Bu ölkələr təşkilatın varlı üzvləri sayılır, qalanları isə Ermənistan da daxil olmaqla, dərin böhrandan çıxa bilməyən dövlətlərdir.

Qeyd etmək lazımdır ki, Fransanın Afrika qitəsində neokolonializm siyasəti iki amilə söykənir; əvvəla, həmin ölkələrin rəsmi və tədris dilinin fransızca olması, ikincisi, məcburi təhsilin tətbiqi. Qitədə fransız dilində danışanlar seçilir və onlar “frankofon” adlanır. Beynəlxalq Frankofoniya Təşkilatı da bu ölkələrə bir təsir və təzyiq vasitəsidir. Təkcə rəsmi dili fransızca olan ölkələr deyil, eyni zamanda, Misir, Mərakeş, Əlcəzair, BƏƏ və Mavritaniyada da öz nüfuz dairəsini genişləndirməyə səy göstərən rəsmi Paris çalışır ki, müsəlman ölkələrində daha çox tərəfdarı olsun.

Bu yerdə bir detalı xatırlatmaq yerinə düşər. İslam aləminin ən qüdrətli ölkələrindən biri olan Səudiyyə Ərəbistanı 2018-ci ildə sözügedən təşkilatda müşahidəçi qismində iştirak etmək üçün müraciət ünvanlayıb. Lakin bir il sonra Ər-Riyad bundan imtina edib. Bunun səbəbi isə, guya dünyada demokratiya carçısı olan Fransanın Səudiyyə Ərəbistanında insan hüquq və azadlıqlarının pozulmasına dair bəyanatları olub. İstehza doğuran odur ki, təşkilatın bir sıra üzvlərinə, o cümlədən Əlcəzair, Ruanda və Çada qarşı qırğınlar törədən fransızlar başqalarını “hüquqpozmalarda” ittiham edirlər.

Daha bir reallıq ondan ibarətdir ki, Fransa artıq Şimali Afrikada öz nüfuzunu itirib və artıq heç bir ölkə rəsmi Parislə hesablaşmaq istəmir. “Ərəb baharı” adlanan rəngli inqilabların Qərbdən idxalı prosesindən əziyyət çəkmiş Misir, Tunis, Əlcəzair, hətta Liviya siyasətçiləri də yaxşı başa düşürlər ki, fransızların əsas məqsədi münaqişələr hesabına bu regionda təsirini qoruyub saxlamaqdır.

Tunis sammitində Fransanın hələ 1945-ci ildən bəri Afrikada Fransız Müstəmləkələri Frankı (CFA) adlı pul vahidinin taleyi və Ukraynada gedən müharibə ilə əlaqədar getdikcə dərinləşən sosial-iqtisadi böhran da müzakirə olunur. Məlum olduğu kimi, Afrikanın Sahil regionu ölkələri, habelə Fildişi Sahili və Malidə baş verən münaqişələrin əsas səbəbi CFA-ya alternativ valyuta seçmək cəhdləri olub. Məhz bu pul vahidinin sayəsində Fransa Afrika ölkələrini istismar edir, onların sərvətlərini mənimsəyir. Qitədə aclıq və səfalətin, kütləvi emiqrasiyanın səbəbi də CFA-dır. Lakin ondan vaz keçmək Afrika ölkələri üçün heç də asan deyil. Ötən ilin iyulunda Qərbi Afrika İqtisadi Birliyinə (ECOWAS) üzv olan 15 ölkə bu pul vahidindən imtina edəcəyini açıqlayıb, lakin Fransa buna qarşı yeni münaqişə ocaqları yaratmaq siyasətini davam etdirir. Təsadüfi deyil ki, indiyədək qitə ölkələrində baş vermiş hərbi çevrilişlərin 70 faizi fransızların təsiri altında olan dövlətlərin payına düşür.

Sammitdə iştirak edən Seneqal Prezidenti Maki Sall bu ölkənin sabiq xarici işlər naziri Dudu Tiamın bəyanatını yaxşı xatırlayır: “Daha bəsdir! Biz fransızların nəzarəti altında yox, real müstəqillik istəyirik”. Bu etirazdan sonra Emmanuel Makron ötən ilin dekabrında NATO-nun Zirvə görüşündə Afrika liderlərini hədələmişdi. Həmin vaxt Seneqal, Mali, Niger və Fildişi Sahili prezidentləri ona kəskin etirazlarını bildiriblər.

Daha bir antaqonist məqam bu təşkilatın baş katibinin Ruanda nümayəndəsi olmasıdır. Bəllidir ki, 1994-cü ildə fransızlar bu ölkədə “təhlükəsiz zona yaratmaq” adı altında hərbi əməliyyat həyata keçiriblər. Bundan cəsarətlənən digər yerli münaqişə tərəfinin də iştirakı ilə tutsi qəbiləsinin 800 mindən çox üzvü qətlə yetirilib. 2014-cü ildə Ruanda Prezidenti Pol Kaqamenin soyqırımı aktında Fransanın rolunu dəqiq müəyyən etdiyi barədə bəyanatı isə rəsmi Parislə siyasi böhrana səbəb olmuşdu.

Fransa qoşunlarının Çadda keçirdikləri “Epervier”, Fildişi Sahilində “Licorne” hərbi əməliyyatları da çoxlu sayda insan tələfatı ilə nəticələnib. 2011-ci ildə isə mülki insanları qorumaq bəhanəsi ilə Liviyada keçirilən “Harmattan” və iki il sonra Malidəki “Serval” hərbi əməliyyatları da böyük dağıntılar və qətllərə səbəb olub.

Paradoksal vəziyyət ondan ibarətdir ki, adıçəkilən Afrika dövlətləri bu cür ziddiyyətli məqamlara - qırğınlar, talanlar və riyakarlıqlara baxmayaraq, hələ də Fransa ilə müzakirələr aparırlar.

Xəbər lenti

Çox oxunanlar