ABŞ-nin sabiq vitse-prezidenti Mayk Pens 2024-cü ildə keçiriləcək prezident seçkilərində Respublikaçılar partiyasının Donald Trampdan daha yaxşı namizəd seçəcəyini düşünür.
Xezerxeber.az xarici mediaya istinadən xəbər verir ki, Mayk Pens bu fikri CNN telekanalının efirində səsləndirib.
“Düşünürəm ki, mənim köhnə tərəfdaşımdan daha yaxşı seçimimiz olacaq. ABŞ amerikalıların rifahı üçün çalışan siyasətə qayıtmaq istəyir. Fikrimcə, ölkəni ən yüksək ideyalar ətrafında birləşdirəcək yeni rəhbərliyə ehtiyac yaranıb”, - Donald Tramp administrasiyası dövründə vitse-prezident postunu tutan siyasətçi belə deyib.
Onun fikrincə, Donald Tramp 2016-cı ildə prezidentliyə namizədliyini irəli sürən zaman bu, həmin dövr üçün düzgün seçim olub. Tramp Demokratlar partiyasından prezidentliyə namizəd Hillari Klintonu məğlub edə biləcək yeganə namizəd idi. Lakin indi vəziyyət fərqlidir.
Mayk Pens prezidentliyə namizədliyini irəli sürmək niyyətində olub-olmaması barədə suala birbaşa cavab verməsə də, bunu istisna etməyib.