Oman sahillərində neft tankeri partlayıcı ilə təchiz olunan pilotsuz uçan aparatın hücumuna məruz qalıb.
"Associated Press" agentliyi bu barədə Yaxın şərq ölkələrindən birinin Müdafiə Nazirliyinin nümayəndələrinə istinadla məlumat yayıb.
Məlumata görə, hücum noyabrın 15-də axşam saatlarında baş verib. Liberiya bayrağı altında üzən "Pacific Zircon" gəmisinə dronla hücumu edilib. Tankerin Sinqapurda yerləşən və israilli milyarder İdan Oferə məxsus “Eastern Pacific Shipping” kompaniyası tərəfindən idarə olunduğu bildirilir.
Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin ticarət koordinasiya mərkəzi hadisədən xəbərdar olduqlarını və insidentin araşdırıldığını bildirib.
Hücumun məsuliyyətini hələlik heç kim üzərinə götürməyib. Lakin analitiklər hadisənin regionda İranla bağlı “gərginliyin kəskinləşməsi” fonunda baş verdiyinə diqqət çəkir.