Xəzər Xəbər

G7 və NATO ölkələri birgə bəyanat yaydılar

Dünya | 12:00 • 16 Noyabr 2022
G7 və NATO ölkələri birgə bəyanat yaydılar

G7 ölkələrinin və Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) üzvü olan dövlətlərin liderləri bəyan ediblər ki, Polşanın Ukrayna ilə sərhəddə yerləşən kəndinə endirilən raket zərbələrini araşdırmaq üçün Varşavaya hərtərəfli yardım göstərməyə hazırdırlar.

Bu barədə hadisə ilə əlaqədar Balidə keçirilən görüşdən sonra dərc olunan bəyanatda bildirilir.

“Biz Polşanın qərbində, Ukrayna ilə sərhəddə baş vermiş partlayışları müzakirə etdik. Polşa tərəfindən aparılan araşdırmaya tam dəstək verir və yardımımızı təklif edirik. Araşdırma ilə əlaqədar lazım olan növbəti addımları müəyyən etmək üçün sıx əlaqədə olmaq barədə razılığa gəldiyimizi bildiririk”, - deyə sənəddə qeyd edilir.

Bəyanatda, həmçinin liderlərin həlak olanların ailələrinə baş sağlığı verdikləri də bildirilir.

Qeyd edək ki, məsələ ilə bağlı müzakirələrdə ABŞ Prezidenti Co Bayden, Almaniyanın Federal Kansleri Olaf Şolts, Yaponiyanın Baş naziri Fumio Kişida, Böyük Britaniyanın Baş naziri Rişi Sunak, Kanadanın Baş naziri Castin Trüdo, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqının rəhbəri Şarl Mişel, Avropa Komissiyasının Sədri Ursula fon der Lyayen, İspaniyanın Baş naziri Pedro Sançes, Niderlandın Baş naziri Mark Ryute və İtaliyanın Baş naziri Corca Meloni iştirak ediblər.

Xatırladaq ki, noyabrın 15-də Rusiyanın Ukraynanın enerji obyektlərinə endirdiyi ən güclü raket zərbələri nəticəsində gərginlik daha da artıb. Polşa ərazisinə düşən iki raket nəticəsində iki nəfərin həlak olduğu bildirilir. Xatırladaq ki, Polşa NATO-nun üzvüdür.

Polşa Prezidenti Anceya Duda hərbi sursatın mənsub olduğu ölkənin hələlik dəqiqləşdirilmədiyini bildirib. ABŞ Prezidenti Co Bayden də raketlərin hərəkət trayektoriyasına əsasən, onların Rusiyadan buraxılmadığını deyib.

Xəbər lenti