Dünya ölkələri ərzaq və enerjinin siyasiləşdirilməsinə, bundan silah kimi istifadə edilməsi cəhdlərinə qarşı çıxmalıdır.
AZƏRTAC Çin Mərkəzi Televiziyasına istinadla xəbər verir ki, bu barədə ÇXR-in sədri Si Cinpin Balidə keçirilən G20 sammitində bildirib. O, həmçinin G20 dövlətlərini ərzaq və enerji təhlükəsizliyi sahəsində problemlərin həllində inkişaf etməkdə olan ölkələrə yardım göstərməyə çağırıb.
"Biz ərzaq və enerji məsələlərini siyasiləşdirmək, bundan alət və ya silah kimi istifadə etmək cəhdlərinə qəti şəkildə qarşı çıxmalıyıq. Birtərəfli sanksiyaları ləğv etmək, müvafiq elmi və texnoloji əməkdaşlığa qoyulan məhdudiyyətləri aradan qaldırmaq lazımdır", - Çin lideri belə deyib.
O, qeyd edib ki, inkişaf etməkdə olan ölkələrin ərzaq və enerji təhlükəsizliyi sahəsində riskləri daha da güclənir. G20 ölkələri buna diqqət yetirməli, istehsal, maliyyə və texniki yardım sahəsində lazımi dəstək göstərməlidir.