İranın İsfahan şəhəri yaxınlığında avtomobil yağı istehsal edən zavodda güclü yanğın baş verib. Yanğını söndürməyə gələn briqadada 3 nəfər yaralanıb.
AZƏRTAC “Mehr” informasiya agentliyinə istinadla xəbər verir ki, “Mübarək” sənaye şəhərciyində baş verən yanğın tez bir zamanda zavodun bütün sexlərinə keçib. Hadisə yerinə gələn təcili tibbi yardım və xilasedicilər zavodda çalışanların xilasetmə işlərini davam etdirir. Yanğın zamanı ölənlər barəsində hələlik məlumat yoxdur. Hazırda yanğının söndürülməsi davam edir.
Qeyd edək ki, son günlər İranda daxili vəziyyətin gərginləşməsi ilə yanaşı, bir sıra şəhərlərdə iri yanğınlar baş verir. Ötən həftə Zahedan şəhərində yanacaqdoldurma məntəqəsində də yanğın oldu. Zahedan şəhəri Sistan-Bəlucistan vilayətinin inzibatı mərkəzidir. Bu vilayətdə iğtişaşlar daha əhatəli və gərgin olub. Vilayətin polis idarəsi yandırılıb və polis zabiti kütləvi aksiya iştirakçıları tərəfindən qətlə yetirilib. İsfahanda da kütləvi aksiyalar səngimir. Hər axşam küçə və meydanlara toplaşan insanlar ölkədə islahatların keçirilməsini tələb edirlər.
İranın bəzi kütləvi informasiya vasitələri bildirirlər ki, baş verən yanğınlar təsadüfi xarakter daşımır. Onsuz da sanksiyalardan əziyyət çəkən İran iqtisadiyyatına təxribatçılar daha ağır zərbə vurmağa çalışırlar.