Xəzər Xəbər

Amerika Ukraynaya yeni silah tədarük edəcək

Dünya | 16:42 • 12 Noyabr 2022
Amerika Ukraynaya yeni silah tədarük edəcək

ABŞ Rusiya təcavüzünə qarşı uğurlu mübarizə aparması üçün Ukraynaya silah tədarükünü davam etdirəcək.

Amerika mediası xəbər yayıb ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan deyib.

“ABŞ-nin mövqeyi dəyişməyib. Biz Ukraynanın döyüş meydanında mövqeyini gücləndirmək üçün mümkün olan hər şeyi edəcəyik”, - deyə o, prezident təyyarəsinin göyərtəsində jurnalistlərin suallarına cavab verərkən bildirib.

Ceyk Sallivan Prezident Co Baydeni ABŞ-ASEAN və Şərqi Asiya sammitlərində iştirak edəcəyi Kambocaya və G20 sammitinin keçiriləcəyi İndoneziyaya səfərlərində müşayiət edir.

Bir gün öncə ABŞ-nin dövlət katibi Entoni Blinken Ukraynaya 400 milyon dollar məbləğində yeni silah partiyasının ayrıldığını elan edib. Kiyevə veriləcək silahların arasında “Hawk” zenit sistemləri üçün raketlər, “Stinger” raketləri ilə təchiz edilən dörd ədəd “Avenger” zenit-raket kompleksi, HIMARS reaktiv yaylım atəş sistemləri üçün əlavə sursatlar, 21 min ədəd 155 millimetrlik artilleriya mərmisi, 500 ədəd yüksək dəqiqlikli 155 millimetrlik mərmi və digər hərbi avadanlıq var.

Pentaqonun press-relizində qeyd olunub ki, bu, 2021-ci ilin avqustundan bəri ABŞ-nin Ukraynaya təqdim etdiyi 25-ci yardım paketidir. Ümumilikdə isə Co Bayden administrasiyası fəaliyyətə başladığı dövrdən bəri Vaşinqton Kiyevə 19,3 milyard dollardan çox hərbi yardım göstərib.

Xəbər lenti