“İran İnternational” televiziya kanalının İranda fəaliyyət göstərən müxbiri İlhamə Əfkar ölkədən qaçmağa çalışarkən həbs edilib.
AZƏRTAC İranın Kəşfiyyat Nazirliyinin açıqlamasına istinadla xəbər verir ki, xanım jurnalist İrandakı iğtisaslarda fəal iştirak edərək gəncləri meydanlara çıxarmağa sövq edib və İran haqqında yalan məlumatlar yayıb. Onun İrandakı fəaliyyəti uzun müddət xüsusi xidmət orqanları tərəfindən izlənilib və müəyyən edilib ki, jurnalist adından istifadə edən İlhamə Əfkar anti-İran fəaliyyəti ilə məşğul olub. Bundan başqa, onun İran inqilabının əleyhinə olan xarici ölkələrin xüsusi xidmət orqanlarının əməkdaşları ilə əlaqəsi də müəyyən edilib. O, bir neçə dəfə gizli şəkildə İrana gələn agentlərlə görüşüb və onlardan təlimat alıb.
İranın kəşfiyyat naziri Esmail Xətib bildirib ki, “İran İnternational” telekanalı İranda terror təşkilatı kimi tanınıb və terror təşkilatları siyahısına salınıb. Kanal 2017-ci ildə Londonda yaradılıb və məqsədi İrana qarşı təbliğat aparmaqdan ibarətdir.