NATO-nun bəzi ölkələri Ukraynanın Şimali Atlantika Alyansına qoşulmaq niyyətini dəstəkləyir.
“Politico” nəşri yazır ki, həmin ölkələr arasında Polşa və Yunanıstan da var.
ABŞ-ın müdafiə naziri Lloyd Ostin oktyabr ayında Brüsseldə NATO liderlərinin bağlı qapılar arxasında keçirilən görüşündə Kiyevə dəstəyin və hərbi təchizatın vacibliyini vurğulayıb. Lakin o, yaxın vaxtlarda Ukraynanın NATO-ya üzvlük məsələsi ilə bağlı heç bir qərar verilməyəcəyini deyib.
Qeyd edək ki, bir müddət öncə Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin NATO-ya üzvlüyünün vacibliyini bəyan edib və sentyabr ayının sonunda hərbi-siyasi bloka sürətləndirilmiş üzvlüklə bağlı sənəd imzalayıb. NATO-nun Baş katibi Yens Stoltenberq alyansın həmin sənədi nəzərdən keçirməyə hazır olub-olmaması ilə bağlı jurnalistlərin sualına birbaşa cavab verməkdən yayınıb. Oktyabrın 6-da Avropa İttifaqının komissarı Terri Breton bildirib ki, Ukrayna ərazisində hərbi əməliyyatlar fonunda Kiyev NATO-ya üzv ola bilməyəcək.