Xəzər Xəbər

“Şimal axını”ndakı partlayış Avropaya elektrik enerjisi ötürən İsveç mütəxəssisləri təşvişə saldı

Dünya | 17:33 • 30 Sentyabr 2022
“Şimal axını”ndakı partlayış Avropaya elektrik enerjisi ötürən İsveç mütəxəssisləri təşvişə saldı

“Şimal axını-1” və “Şimal axını-2” qaz kəmərlərində baş verən partlayışlar İsveç və Polşa arasında sualtı yüksək gərginlikli kabeli zədələmiş ola bilər.   

Bu barədə isveçli mütəxəssislər bildiriblər.

Söhbət “Swepol Link” elektrik magistralından gedir. Bu kəmər 1990-cı illərdə İsveçin Sternyo yarımadası ilə Polşanın Bruskovo-Velke yaşayış məntəqəsi arasında dənizin dibi boyunca çəkilib. Bu magistral kəmər vasitəsilə İsveçdən elektrik enerjisi ixrac edilir. Həmçinin Avropanın digər ölkələrində mövsümi istehlakın yüksək olduğu dövrlərdə bu ixrac xüsusi əhəmiyyət kəsb edir. İsveçin enerji sistemləri operatoru “Svenska” şirkətinin nümayəndəsi Per Kvarnefalkın sözlərinə görə, kabel son partlayışlardan birinin baş verdiyi yerdən 500 metr aralıdan keçir.

Hazırda mütəxəssislər kabelin hər hansı zədə alıb-almadığını bilmirlər. Məlumata görə, bu sualtı ötürücü xətt bir müddətdir ki, işlək vəziyyətdə deyil, ona görə onun fəaliyyəti ilə bağlı hələ ki aktual məlumat yoxdur.

“Biz partlayışın nə qədər güclü olduğunu bilmirik. Hər şeyin qaydasında olduğundan əmin olmaq üçün gələn həftənin əvvəlində ölçmələr aparacağıq”, - deyə Kvarnefalk qeyd edib.

O vurğulayıb ki, İsveç üçün Avropanı elektrik enerjisi ilə təmin etmək önəmlidir. Müəyyən müddət kabelsiz işləmək mümkündür. Lakin xətt uzun müddət işləməsə, bu, elektrik enerjisi ilə bağlı vəziyyətə də öz təsirini göstərəcək.

Xəbər lenti

Çox oxunanlar