Danimarka kraliçası II Marqretе səkkiz nəvəsindən dördünü titullarından məhrum edib. Sarayın rəsmi versiyasına görə, kraliça bu addımı kiçik oğlu şahzadə Yoahimin uşaqlarının normal həyat sürməsinə icazə vermək üçün atıb.
Bu barədə "The Guardian" yazır.
"1 yanvar 2023-cü ildən etibarən Əlahəzrət Şahzadə Yoahimin övladları yalnız Monpeza qrafı və qrafinyası titullarından istifadə edə biləcəklər və onların əvvəlki Danimarka şahzadəsi titulları mövcudluğunu dayandıracaq", - kral sarayının bəyanatında deyilir.
Şahzadə Yoahimin iki nikahdan dörd övladı var: Nikolay, Feliks, Henrik və Afina. Onların ən kiçiyi 10, ən böyüyü 23 yaşındadır. "The Guardian" yazır ki, şahzadə Yoahimin iki böyük oğlunun anası Aleksandra Kristina Menli Danimarka mediasına qərardan "şok" olduğunu söyləyib. “Bu, havadan götürülüb. Uşaqlar özlərini yad hiss edirlər. Onlar anlaya bilmirlər ki, kimlikləri onlardan niyə oğurlanır", - deyə qrafinya Aleksandra gündəlik "BT" qəzetinə bildirib.
Eyni zamanda kraliçanın digər dörd nəvəsi, vəliəhd şahzadə Frederikin övladları titullarını qoruyacaqlar. Nəşr bildirir ki, Marqrete bu məsələdə Avropadakı digər kral ailələrindən nümunə götürüb.
II Marqrete hazırda Avropada hakimiyyətdə olan yeganə kraliçadır./Publika.az