Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib ki, Azərbaycan və Ermənistan sərhədində vəziyyətin sabitləşməsi üçün beynəlxalq müşahidəçilər yerləşdirilməlidir. Onun fikrincə, beynəlxalq müşahidəçilərin yerləşdirilməsi Ermənistan-Azərbaycan sərhədində gərginliyi aradan qaldırmağa kömək edəcək.
"Ermənistan-Azərbaycan sərhədində istər BMT Təhlükəsizlik Şurasının mandatı altında olsun, istər ATƏT və ya digər beynəlxalq təşkilatların müşahidə missiyası yerləşdirilməlidir", - deyə Baş nazir bildirib.
Rusiyalı hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko Nikol Paşinyanın sərhədlə bağlı təklifini Modern.az-a şərh edib.
Tanınmış ekspert hesab edir ki, Ermənistan hakimiyyəti bununla sərhəddə vəziyyəti gərginləşdirməyə çalışır.
"Ermənistan belə təxribatlara əl atmaqla sülh müqaviləsini gecikdirir, eyni zamanda Azərbaycanla sərhədin delimitasiyasını və demarkasiyasını pozmağa çalışır. Bu gün Azərbaycanla Ermənistan arasında dəqiq sərhəd yoxdur. İki ölkə arasında sadəcə olaraq təmas xətti var. Beynəlxalq müşahidəçilərin regiona gəlməsi ilə İrəvan mövcud status-kvonu, yəni Azərbaycan ərazisinin bir sıra hissəsinin Ermənistan tərəfindən davam edən işğalını qorumaq istəyir”, - deyə Korotçenko qeyd edib.