Böyük Britaniya Ukraynaya təbii qazın alınması üçün maliyyə dəstəyi verməyə və Ukraynanın qaz hasilatının inkişafına kömək etməyə hazırdır.
Bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal Britaniyanın Baş naziri Elizabet Trass ilə görüşündən sonra teleqram səhifəsində bildirib.
“Böyük Britaniyanın Baş naziri Elizabet Trass ilə Nyu-Yorkda görüşməyimə şadam. Biz strateji tərəfdaşlığımızı inkişaf etdirməyə davam edirik, silahların tədarükü, qış mövsümünə hazırlıq və Ukraynanın bərpası məsələlərini müzakirə etdik. Xüsusilə Böyük Britaniya təbii qazın alınması üçün Ukraynaya maliyyə dəstəyi verməyə və britaniyalı sahibkarları Ukraynanın qaz hasilatı sektorunun inkişafına cəlb etməyə kömək göstərməyə hazırdır”, - deyə Şmıqal bildirib.
Tərəflər, həmçinin gələn il Böyük Britaniyada keçiriləcək Ukraynanın Bərpası Konfransına hazırlıq üçün işçi qrupunun yaradılması barədə razılığa gəliblər.
Qeyd edək ki, Böyük Britaniya hökuməti gələn il Ukraynaya hərbi yardım üçün ən azı 2,3 milyard funt sterlinq (2,63 milyard dollar) ayırmağı planlaşdırır.