Xəzər Xəbər

ABŞ-nin Ermənistandakı diplomatik missiyasının rəhbəri Rusiyaya səfir təyin edilə bilər

Dünya | 14:19 • 21 Sentyabr 2022
ABŞ-nin Ermənistandakı diplomatik missiyasının rəhbəri Rusiyaya səfir təyin edilə bilər

Prezident Co Bayden hazırda Ermənistanda diplomatik missiyanın rəhbəri olan Linn Treysini ABŞ-ın Rusiyadakı səfiri vəzifəsinə təyin edəcəyini bildirib.

Treysi bu ayın əvvəlində Moskvanı tərk etmiş və pensiyaya çıxmaq niyyətində olduğunu bildirmiş Con Sallivanı əvəz edəcək.

Treysi peşəkar diplomatdır. 2014-2017-ci illərdə ABŞ-ın Moskvadakı səfirliyində ikinci yüksəkvəzifəli şəxs – missiyanın rəhbərinin müavini olub. Daha əvvəl Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri Bürosunda Rusiya məsələlərinə dair böyük müşavir vəzifəsini tutub. Treysinin təyinatı Ukraynada müharibə ilə əlaqədar gərginlik fonunda Amerika-Rusiya münasibətləri üçün həlledici vaxtda baş verir.

Treysi öz karyerası müddətində müxtəlif ölkələrdə, o cümlədən Türkmənistan, Pakistan və Qazaxıstanda ABŞ-ın diplomatik nümayəndəliklərində çalışıb. Sovet İttifaqı ilə bağlı tədqiqatlar üzrə ixtisaslaşıb, hüquq təhsili alıb, rus dilini bilir.

Sallivan gedəndən sonra ABŞ-ın Moskvadakı səfirliyinə bu ölkənin Rusiyadakı missiyasının rəhbərinin müavini Elizabet Rud başçılıq edir.

Qeyd etmək lazımdır ki, Treysi ABŞ-ın Ermənistandakı səfiri vəzifəsində olarkən, radikal erməni-Amerika təşkilatlarına xoş gəlmək üçün heç bir canfəşanlıq etməyib, bununla əlaqədar Amerika Erməni Milli Komitəsi Treysinin fəaliyyətinə “F” qiyməti (“1” qiymətinin ekvivalenti) verib. (AZƏRTAC)

Xəbər lenti