"Zelenski bizdən xüsusi olaraq xahiş etdi ki, Rusiya Zaporojye AES-dəki bütün minaları təmizləsin. Çünki bu bir təhlükədir".
Xezerxeber.az-ın verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna səfərindən geri dönərkən jurnalistlərə müsahibəsində deyib.
Ərdoğan həmçinin Zaporojyenin təsadüfi məsələ olmadığını deyib.
Türkiyə Prezidenti bildirib ki, hazırda ərazidə ukraynalı mütəxəssislər var: “Zelenskinin bizdən istədiyi Zaporojyenin Rusiya minalarından təmizlənməsi və mövcud durumda təhdidin azalmasıdır. “Çernobılın təkrarlanmasını istəmirik” deyəndə də bunu nəzərdə tutmuşdum. Bu mövzuda Rusiya Prezidenti Vladimir Putinlə danışacağam. Rusiya dünyadakı sabitlik naminə bu addımı atmalıdır”.
Prezident qeyd edib ki, Rusiya lideri ilə danışığı zaman bu məsələni müzakirə edəcək: “Rusiya bu istiqamətdə üzərinə düşəni etməlidir, biz bunu xüsusilə xahiş edəcəyik”.
Ərdoğan əlavə edib ki, Türkiyə müharibənin diplomatiya yolu ilə bitməsi üçün səylərini davam etdirəcək.
Bundan başqa, Ərdoğan Zelenskiyə Putinlə Türkiyədə görüş keçirməyi təklif etdiyini söyləyib.
Səfər zamanı Ukrayna Prezidenti Volodimir Zelenski və Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreşlə üçtərəfli görüşlərinin keçirildiyini xatırladan Rəcəb Tayyib Ərdoğan deyib: “Üçtərəfli görüş zamanı Ukrayna taxılının ixracı üçün yaradılmış mexanizmin fəaliyyətinin artırılması istiqamətində atılacaq addımları müzakirə etdik. Diplomatik prosesi canlandırmaq üçün beynəlxalq ictimaiyyətin daha çox məsuliyyət daşımalı olduğunu qeyd etdim”.
Səfər zamanı bu münaqişənin Ukraynada səbəb olduğu dağıntıların həcmi və yardım məsələlərinin də müzakirə edildiyini deyən Türkiyə Prezidenti ölkəsinin Ukraynanın yenidən qurulması prosesində də iştirak edəcəyini, bununla bağlı anlaşma memorandumunun imzalandığını bildirib.
"strateji tərəfdaşımız olan Ukrayna ilə əməkdaşlığımızı daha da gücləndirmək üçün bütün səviyyələrdə əlaqələrimizi davam etdirməyə razılaşdıq. Ümid edirəm ki, görüşlərimiz regionumuz, qlobal sülh və sabitlik üçün faydalı olacaq",-deyə Ərdoğan qeyd edib.