Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) şərq komandanlığı tərəfindən Tayvan adası ətrafında suda və havada birgə döyüş təlimlərinə başlanıldığı elan olunub.
Təlimlər senator Ed Markey başda olmaqla ABŞ Konqresinin nümayəndə heyətinin Tayvan adasına səfəri ilə eyni vaxta təsadüf edir. Çin Müdafiə Nazirliyinin rəsmisi U Çien bildirib ki, ABŞ Konqresi nümayəndə heyətinin səfəri rəsmi Vaşinqtonun Tayvan boğazında sülhün pozucusu və sabotajçısı olduğunu göstərib.
“Tayvan Çinin Tayvanıdır və Tayvan məsələsinə xarici müdaxiləyə icazə verilmir. Biz ABŞ-ni və Tayvanın Demokratik Tərəqqi Partiyasını xəbərdar edirik ki, Çinin qarşısını almaqdan ötrü Tayvan məsələsindən istifadə uğursuzluğa düçar olacaq. “Tayvanın müstəqilliyi” üçün ABŞ-yə bel bağlamaq isə özünüməhvdir”, - deyə Çin Müdafiə Nazirliyinin rəsmisi qeyd edib.
U Çien Çin ordusunun təlimlərini, habelə müharibə, “Tayvanın müstəqilliyi” və xarici müdaxilə cəhdlərinə qarşı durmaqdan ötrü hazırlığını davam etdirəcəyini vurğulayıb.
Çin ordusunun şərq komandanlığının rəsmisi Şi İ isə Çin ordusunun ölkənin milli suverenliyini, Tayvan boğazında sülhün və sabitliyinin təminatı üçün bütün lazımi tədbirləri görəcəyini deyib.
Qeyd edək ki, rəsmi Pekinin sərt etirazına və xəbərdarlığına baxmayaraq, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin avqustun 2-3-də Tayvan adasına səfərindən bir neçə dəqiqə sonra ÇXAO Tayvan adası ətrafında genişmiqyaslı hərbi təlimlərə başlayacağını açıqlamışdı.
Təlimlərə adanın şimal, cənub-qərb və cənub-şərqində dənizdə və havada müxtəlif döyüş və atəş tapşırıqları, uzunməsafəli real atışlar, o cümlədən raket atışları sınaqları daxil olub. Çin ordusunun bölmələri Tayvan adasının ətrafında suda və havada şərti hədəflərə uzaqməsafəli artilleriya, adi döyüş başlıqlı ballistik raket zərbələri, habelə aviasiya zərbələri endirib. Çin ilk dəfə idi ki, Tayvan ətrafında bu cür irimiqyaslı hərbi təlimlər keçirib. Bundan başqa, ilk dəfə olaraq Çin raketləri Tayvan üzərindən uçub. Tayvan tərəfi Çin hərbi gəmilərinin və təyyarələrinin adanın məxsusi hava və su məkanına daxil olması barədə məlumat yayıb.
ABŞ Konqresi nümayəndə heyətinin avqustun 14-15-də reallaşan Tayvan səfəri də Çinin sərt etirazına səbəb olub. Çinin Vaşinqtondakı səfirliyi açıqlama yayaraq, Birləşmiş Ştatlar ilə Tayvan arasında istənilən rəsmi təmasa Pekinin etirazını bildirib. Çin tərəfi ABŞ-nin bu cür təxribatçı addımlara lazımi cavab veriləcəyini açıqlayıb.
ÇXAO-nun şərq komandanlığının Tayvan adası ətrafındakı növbəti təlimləri də Pekinin cavab tədbiridir. Tayvan səlahiyyətli qurumları isə avqustun 14-də Çinin 22 hərbi təyyarəsinin adanın hava məkanının tanınma zonasına daxil olduğunu, 10 təyyarənin isə 1955-ci il razılaşmasına əsasən Çinin materik hissəsi ilə Tayvan boğazı arasındakı müəyyən edilmiş şərti orta xətti keçdiyini açıqlayıb. Tayvan tərəfi cavab olaraq hava hücumundan müdafiə sistemini hazır vəziyyətə gətirib, hərbi hava qüvvələri isə patrul uçuşlarına başlayıb.
Xatırladaq ki, İkinci Dünya müharibəsindən sonra Çində Mao Cedonun rəhbərlik etdiyi kommunistlər Çan Kayşinin liderliyindəki Koumintan qüvvələrinə qalib gələrək Çin Xalq Respublikasının (ÇXR) yaradıldığını elan ediblər. Koumintan partiyası isə Tayvan adasına köçərək, “Çin Respublikası”nın mövcudluğunun adada davam etdiyini bəyan edib. “Vahid Çin” prinsipinə əsaslanan ÇXR Tayvandakı qondarma “Çin Respublikası”nın mövcudluğunu qəbul etmir və adanın Çin Xalq Respublikasının tərkib hissəsi olduğunu bildirir. (AZƏRTAC)