Xəzər Xəbər

YENİ KRİZ BAŞLAYIR: Bu ssenari reallaşsa, milyonlarla insan...

Dünya | 17:59 • 7 Avqust 2022
YENİ KRİZ BAŞLAYIR: Bu ssenari reallaşsa, milyonlarla insan...

Rusiyadan qaz idxalının kəsilməsindən sonra enerji istifadəsinə qənaət edən Almaniya indi yeni təhlükə ilə qarşı-qarşıyadır... Alman rəsmilərinin tədbir gördüyü ssenari reallaşsa, milyonlarla insan əziyyət çəkə bilər...

Qərbin tətbiq etdiyi sanksiyalara cavab olaraq Rusiyanın Avropaya qaz ixracını böyük ölçüdə azaltması ilə başlayan enerji böhranı davam edir.

Avropa Birliyinin qənaət planı çərçivəsində ölkələr enerji istifadəsini azaltmağa çalışır, lakin Almaniya yeni problemlə üz-üzədir.

Putinin qərarı ilə qaz nəqli məhdudlaşdırılan boru kəmərlərində təzyiqin aşağı olması ölkənin enerji infrastrukturunda nasazlıqlara səbəb olduğundan bu qış milyonlarla evin istilik təchizatında problem yaranacağı gözlənir.

Mütəxəssislər bildirirlər ki, bu ilin qışında istilik sistemlərində nasazlıq baş verərsə, qaz nəqlinin yenidən açılması üçün xeyli iş lazımdır. Bu isə o deməkdir ki, aparılan işlər zamanı evlər günlərlə işıqsız və istiliksiz qalacaq.

"Bild" qəzetinin məlumatına görə, Almaniya hökuməti boru kəmərləri ilə bağlı narahatlığını dilə gətirib və kommunal xidmətlərdə problemlər yaranarsa, ən azı 24 saat əvvəl məlumat verilməsini tələb edib.

Almaniya Avropa ölkələri arasında qazın kəsilməsində ən həssas ölkə kimi görünür. Ukraynada müharibə başlamazdan öncə Rusiya qazından asılı olan ölkə müharibədən sonra da qaza olan tələbatının 35 faizini Rusiyadan qarşılayırdı.

Əlindəki məhdud enerji ilə qışı keçirməyə məcbur olan Almaniya hökuməti qiymət artımı səbəbindən qaz təchizatı şirkətlərinə dəstək məqsədilə oktyabrın 1-dən bütün istehlakçılara əlavə vergilər tətbiq etməyə hazırlaşır.

İqtisadiyyat naziri Robert Habeck əlavə vergi qərarının Rusiyanın səbəb olduğu böhranın nəticəsi olduğunu vurğulayıb.

“Asan addım deyil, ancaq yaşayış evlərində və iqtisadiyyatda enerji təchizatını təmin etmək üçün bunu etməliyik. Müvəqqəti əlavə verginin oktyabrın 1-dən qüvvəyə minməsi və 2024-cü il aprelin 1-də başa çatması planlaşdırılır", - nazir bildirib.

Qış aylarının yaxınlaşması ilə qaz tələbatının artması və enerji qiymətlərinin sürətlə bahalaşması səbəbindən çökmə riski ilə üzləşən Almaniyada iflas narahatlıqları başlayıb.

Münhendə yerləşən İqtisadi Tədqiqatlar İnstitutunun məlumatına görə, Almaniya iqtisadiyyatı iyul ayında böhranla üzləşib.

İnstitutun rəhbəri Klemens Fuest deyib: “Almaniya tənəzzülün astanasındadır. Yüksək enerji qiymətləri və qaz qıtlığı təhlükəsi iqtisadiyyata mənfi təsir göstərir".

Enerji xərclərinin artması ilə bağlı çətinliklər yaşayan başqa bir ölkə - İngiltərə isə hadisələri "1950-ci illərdən bəri ən böyük yaşayış böhranı" kimi qiymətləndirir./Musavat.com

Xəbər lenti