Xəzər Xəbər

Pandemiyanın yeni dalğası barədə xəbərdarlıq

Dünya | 14:18 • 26 İyun 2022
Pandemiyanın yeni dalğası barədə xəbərdarlıq

Alman epidemioloqlar yay məzuniyyətindən sonra koronavirus xəstəliyinin kəskin artacağı barədə xəbərdarlıq edirlər.

Onların sözlərinə görə, əgər yaxın günlərdə heç bir tədbir görülməsə, payızda xəstəlik səbəbindən əməkdaşlar işə gəlməyəcək, nəticədə təşkilatlar, şirkətlər, tədris müəssisələri və bütün biznes sektoru zərər çəkəcək.

Problemi daha da gərginləşdirən amil ondan ibarətdir ki, "omikron" virusunun BA.5 variantı çox yoluxucudur. Eyni zamanda, insanlar sonuncu vaksinasiya nəticəsində qazandıqları immuniteti tədricən itirməyə başlayırlar.

Doğrudur, xəstəliyi ağır keçirən və ya ölən pasiyentlərin sayı əvvəlki ilə müqayisədə qat-qat az olacaq, lakin arxayınlaşmaq olmaz. Yəqin ki, bu ilin sonunda insanlarda pandemiyanın guya başa çatması təəssüratı yaranmayacaq: cari ilin yanvar ayında bu barədə verilən bəyanat həddən artıq nikbin imiş. Buna görə virusoloqlar koronavirusdan mümkün qədər qorunmağı tövsiyə edirlər. Uzunmüddətli perspektivdə istənilən halda yoluxma labüddür və hamı xəstələnəcək. Bu zaman tədricən fərdi immunitetin elə növü formalaşır ki, orqanizmin müqaviməti daha dözümlü olur və kollektiv immunitet formalaşması prosesi sürətlənir.

Digər tərəfdən, virus da bir yerdə dayanmır. Müəyyən məqamda yeni tarazlıq yaranacaq: vaksinasiya və yoluxma nəticəsində kollektiv immunitet o dərəcədə güclü olacaq ki, virus öz patogenliyini itirəcək. Bu proses ən pis halda daha bir neçə qış uzana bilər. Sonra virus endemik xarakter kəsb edəcək, yəni yox olmayacaq, lakin epidemioloqların nəzarəti altında qalacaq./Ölkə.Az

Xəbər lenti

Çox oxunanlar