COVID-19 pandemiyasının kəskin fazası gələn il başa çata bilər.
Xezerxeber.az xarici KİV-ə istinadla xəbər verir ki, bu proqnozu “Microsoft” kompaniyasının qurucusu Bill Qeyts səsləndirib.
Biznesmen, həmçinin dünyada vaksinasiya tempi ilə bağlı çaşqınlığını ifadə edib. Onun sözlərinə görə, insanları koronavirusa qarşı peyvənd olunmağın vacibliyinə inandırmaq üçün bu qədər uzun vaxt lazım gələcəyini təsəvvür edə bilməzdi. O, yeni ştamların belə tez-tez meydana çıxmasını gözləmədiyini də deyib.
“Lakin mən ümid edirəm ki, son uzaqda deyil. Daha bir proqnoz söyləmək axmaqlıq olardı, amma mən düşünürəm ki, pandemiyanın kəskin fazası 2022-ci ildə sona çatacaq”, - deyə sahibkar qeyd edib.
Bill Qeyts əmin olduğunu bildirib ki, “omikron”un peyda olunmasına baxmayaraq, SARS-CoV-2 virusunun yeni variantına qalib gəlmək daha asan olacaq. Onun fikrincə, hazırda dünya potensial təhlükəli ştamlarla mübarizəyə əvvəllər heç vaxt olmadığı qədər hazırlıqlıdır.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, COVID-19 pandemiyasının başlanğıcından bəri dünyada koronavirusa 265 milyondan çox yoluxma qeydə alınıb, 5 milyondan çox insan infeksiyadan həyatını itirib.