Xəzər Xəbər

Koronavirusun “omicron” variantı Afrikanın digər ölkələrinə də yayılır

Dünya | 15:44 • 4 Dekabr 2021
Koronavirusun “omicron” variantı Afrikanın digər ölkələrinə də yayılır

İlk dəfə Cənubi Afrika Respublikasında (CAR) aşkar edilən koronavirusun “omicron” variantı Afrikanın digər ölkələrinə də yayılır.

Şimali Afrika ölkəsi olan Tunisdə koronavirusun yeni variantına ilk yoluxma qeydə alınıb. Bu ölkənin Səhiyyə Nazirliyinin məlumatında bildirilir ki, Karzag Beynəlxalq Hava Limanında İstanbuldan gəlmiş sərnişində “omicron” variantı aşkar edilib. Təyyarədəki bütün sərnişinlər Kayravan əyalətinin Əl Cərrah xəstəxanasında karantinə alınıblar.

“Omicron” ştamına yoluxma Zimbabvedə də qeydə alınıb. Bu barədə jurnalistlərə məlumat verən səhiyyə naziri Konstantino Çivenqa ölkə vətəndaşlarını vaksinasiya kampaniyasında daha fəal iştirak etməyə çağırıb. O qeyd edib ki, Zimbabveyə gələn şəxslər vaksin sertifikatına malik olmasına rəğmən karantinə alınacaq.

Koronavirusun yeni variantı Nigeriyada da qeydə alınıb. Bu ölkədə “omicron” ştamına yoluxan ilk şəxsin CAR vətəndaşı olduğu bildirilir. Nigeriyanın Səhiyyə Nazirliyi bəyan edib ki, ölkədə vaksinasiya ilə bağlı vəziyyət də acınacaqlıdır. Belə ki, əhalinin cəmi 2,9 faizinə COVID-19 vaksini vurulub.

Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə, Afrika ölkələrində COVID-19-a 8 milyon 786 min insan yoluxub, 225 min pasiyent isə həyatını itirib.

Xəbər lenti

Çox oxunanlar