ABŞ-ın Oksford şəhərindəki (Miçiqan ştatı) məktəbdə odlu silahdan atəş açaraq dörd nəfəri qətlə yetirən məktəblinin valideynləri həbs olunub.
BBC agentliyi xəbər yayıb ki, yeniyetmənin valideynləri Ceyms və Cennifer Krambli Detroytdakı evlərin birinin zirzəmisində gizlənmişdilər. Bundan əvvəl onlara ittiham irəli sürülsə də, ər-arvad məhkəməyə gəlməmiş və ədalət mühakiməsindən yayınmağa cəhd göstərmişdilər.
Prokurorluğun məlumatına görə, onların 15 yaşlı oğlu atasının silahını götürərək məktəbə gəlib. O, dörd nəfəri öldürüb və yeddi nəfəri yaralayıb. İttiham tərəfi israr edir ki, ata və ana oğlanlarının davranışlarına məhəl qoymayıb və aqressivlıyə meyillik əlamətlərinə fikir verməyiblər.
Oğlanın özü isə terrorizmdə, qəsdən adam öldürməkdə, adam öldürməyə cəhd göstərməkdə, qanunsuz silah gəzdirməkdə ittiham olunur. Yetkinlik yaşına çatmış şəxs kimi mühakimə olunacaq İtan Krambli ömürlük həbs cəzasına məhkum edilə bilər.