İsveçrədə minalanmış ərazilərin xəritəsinin verilməməsinə etiraz edilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, İsveçrə Azərbaycanlıları Mədəniyyət Mərkəzi və İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının təşəbbüsü ilə Cenevrə şəhərində minalarla mübarizəni əks etdirən “Sınıq stul” heykəli qarşısında fləşmob təşkil olunub. Fləşmobun əsas məqsədi Azərbaycanın işğaldan azad olunmuş torpaqlarının Ermənistan tərəfindən minalanmış ərazilərinin xəritəsinin verilməməsinə etiraz etmək olub.
Fləşmob zamanı yerli ictimaiyyət nümayəndələrinə ətraflı məlumat verilib. Bildirilib ki, ötən ilin payız aylarında Azərbaycan Ordusunun azad etdiyi ərazilərdə hələ də minalanmış yerlərlə bağlı problemlər yaşanır, mülki insanlar həlak olur. Bütün bunlar regionda sülh və təhlükəsizlik üçün təhdid yaradır və Ermənistan tərəfinin bu xəritəni verməsi zəruridir.