Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Bərdə şəhərində yaşayış məntəqələrinə qarşı kasetli bombalardan istifadə edilib.
"VICE News” kanalının jurnalistləri oktyabrın 28-də bu cür raketlərin çoxsaylı istifadəsini təsdiqləyiblər.
Bildirilib ki, hücumdan bir neçə saat sonra aparılan araşdırmada "Amnesty International”ın hərbi mütəxəssisi Brayn Kasner və BMT-nin keçmiş hərbi müşaviri Mark Qarlasko "Smerç” raketinin təsirini və qalıqlarını aşkar ediblər.
Azərbaycan rəsmilərinin məlumatına əsasən, xəstəxana və yaşayış evlərinin həyətlərinə düşən raket mərmiləri 21 nəfərin həyatına son qoyub. Bu, ötən aydan Qarabağda döyüşlərin yenidən başlamasından sonra ən çox mülki şəxsin ölümü ilə nəticələnən hücumdur. Bərdə Rayon Mərkəzi Xəstəxanasında olan jurnalistlər burada mülki geyimdə olan və partlayış xəsarətləri almış 12 nəfərin meyitini müşahidə ediblər.