Xəzər Xəbər

İspaniya yenidən karantin tətbiq etməyi planlaşdırmır

Dünya | 16:39 • 5 Sentyabr 2020
İspaniya yenidən karantin tətbiq etməyi planlaşdırmır

İspaniya yaz aylarında koronavirus pandemiyasının kəskin mərhələsində olduğu kimi bütün ölkə üzrə məhdudiyyətin tətbiq edilməsinə hələ ki, hazırlaşmır.


AZƏRTAC İspaniya KİV-lərinə istinadla xəbər verir ki, digər regionlarla müqayisədə COVID-19-la bağlı vəziyyətin bir qədər pis olduğu Madriddə və onun ətrafında da məhdudiyyətin tətbiq edilməsi planlaşdırılmır. Bu barədə İspaniyanın Səhiyyə naziri Salvador İlya bildirib.


Nazirin sözlərinə görə, hakimiyyət orqanları dəqiqliklə hərəkət etməyə üstünlük verir, koronavirusun yayılmasını operativ şəkildə müəyyən edərək onu vaxtında aradan qaldırırlar.


İspaniyanın Baş Naziri Pedro Sançes bildirib ki, hakimiyyət orqanları Madriddə yoluxma sayının artmasından narahatdırlar. Bunun cavabında bir çox regionlarda Madridin karantinə bağlanması barədə təkliflər səslənib. Lakin Səhiyyə Nazirliyində hesab edirlər ki, bu tədbirlərə lüzum yoxdur. "Virusun qarşısının alınmasından ötrü atılan addımlar yaxşıca ölçülüb-biçilməlidir. Ən azından hələ ki, heç kim şəhərləri başdan-başa bağlamağa hazırlaşmır”.


Yeni tədris və təsərrüfat ilinin başlanmasını şərh edən nazir S.İlyanın fikrincə, burada qərarlar iqtisadi məlumatlar nəzərə alınmaqla deyil, epidemioloji vəziyyətdən asılı olaraq qəbul edilməlidir. O, şagird və tələbələrin kütləvi şəkildə auditoriyalara qayıtmalarından narahatlığını bildirsə də, lakin bütün təhlükəsizlik qaydalarına riayət olunmaqla vəziyyəti nəzarətdə saxlamağa nail olunacağına əminliyini vurğulayıb.


İspaniyada tədris ili adi rejimdə, lakin bütün təhlükəsizlik tədbirlərinə riayət olunmaq şərti ilə başlayıb. 6 yaşdan yuxarı bütün məktəblilər üçün qoruyucu maskaların taxılması məcburiyyəti əsas sayılır. 3-5 yaşlı uşaqların maska taxması tövsiyə olunsa da, bu, məcburi sayılmır. Bundan başqa, günün əvvəlində bütün şagirdlərin hərarəti ölçülür. Kabinetlər havalandırılır və müntəzəm olaraq dezinfeksiya edilir.


Nazir son həftələr yoluxanlar arasında orta yaşın azalması səbəbindən xəstəxanalarda həkimlərin üzərinə düşən yük qismən azaldığını qeyd edib, lakin vurğulayıb ki, sabitləşmənin davam etməsi və yoluxanların sayının azalması zəruridir.

Xəbər lenti

Çox oxunanlar