Xəzər Xəbər

Karlos Qonun Yaponiyadan qaçmasını təşkil edənlərin ekstradisiyasına razılıq verilib

Dünya | 09:53 • 5 Sentyabr 2020
Karlos Qonun Yaponiyadan qaçmasını təşkil edənlərin ekstradisiyasına razılıq verilib

ABŞ məhkəməsi "Renault”-"Nissan”-"Mitsubishi” avtomobil istehsalı alyansının direktorlar şurasının sabiq sədri Karlos Qonun qaçmasını təşkil edənlərin Yaponiyaya ekstradisiyasına razılıq verib.


AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Boston (Massaçuseç ştatı) dairə məhkəməsi qərar qəbul edib.


Məhkəmə qaçışın təşkilində təqsirli bilinən Piter Teylorun və onun atası Mayk Teylorun vəkillərinin onların Yaponiyaya verilməməsi barədə xahişini rədd edib. Qeyd edilir ki, bu məsələ Dövlət Departamentinin səlahiyyətləri çərçivəsindədir.


Teylorların vəkilləri müştərilərinin təqsirli bilindikləri cinayət məsuliyyətinin Yaponiya Cinayət Məcəlləsində əks etdirilmədiyini əsas gətirərək onların bu ölkəyə verilməsinin qeyri-qanuni olduğunu deyiblər. Lakin hakim Donald Kebell onların hərəkətinin qanunun əhatə çərçivəsində olduğunu əsas gətirərək, Teylorların K.Qonun qaçışının təşkilində təqsirli olduqlarını bildirib.


Tokio prokurorluq orqanları iyulun 3-də ABŞ xüsusi təyinatlılarının sabiq döyüşçüsünün və onun oğlunun K.Qonun qaçırılmasında şübhəli qismində saxlanılması üçün bu ölkənin hüquq-mühafizə orqanlarına müraciət edib. Həmin müraciət barələrində axtarış elan olunan cinayətkarların ekstradisiyası barədə iki ölkə arasındakı razılaşmaya uyğun həyata keçirilib.


Yaponiya istintaq orqanlarının bildirdiyinə görə, M.Teylor və onun oğlu ötən ilin dekabrında Tokiodakı mehmanxanalardan birində K.Qonla görüşüb. Məhz bu görüşdən sonra Qon ev dustaqlığından qaçıb. Birlikdə Osaka şəhərinə gələn cinayətkarlar buradakı beynəlxalq aeroportda K.Qonu səs aparatı üçün yeşikdə Türkiyəyə uçan özəl təyyarəyə keçiriblər. Türkiyədə digər özəl təyyarəyə minən K.Qon Livana uçub.

Xəbər lenti