Xəzər Xəbər

Çin xaricdən virus axınını azaltmaq üçün tədbirləri sərtləşdirib

Dünya | 13:05 • 2 Sentyabr 2020
Çin xaricdən virus axınını azaltmaq üçün tədbirləri sərtləşdirib

Rəsmi Pekin hökuməti COVID-19 virusu baxımından yüksək riskli ölkələrdən Çinə olan uçuşlarla bağlı nəzarət tədbirlərini sərtləşdirib.

Ölkənin Mülki Aviasiya Administrasiyası həmin ölkələrdən Çinə uçan təyyarələrdə sərnişinlərin sayının hava gəmisinin tutumunun 75 faizindən çox olmaması barədə şərt qoyub. Bu şərt daha əvvəl sərnişinlərində yoluxma faktı aşkarlanması səbəbindən uçuşları dayandırılmış və müvafiq müddətdən sonra bərpa edilmiş şirkətlərə də aiddir. Belə ki, hər hansı aviasiya şirkətinin Çindəki təyinat nöqtəsinə 3 həftə ardıcıl uçuşları zamanı gələn 5-dən çox sərnişində yoluxma aşkarlanarsa, həmin şirkətlər 75 faiz tələbinə riayət etməlidirlər. Administrasiya pandemiya dövründə yoluxmalar səbəbindən xaricdən Çinə 31 istiqamət üzrə uçuşları müvəqqəti dayandırıb, 52 uçuşu isə ləğv edib.

Qeyd edək ki, Çin hökuməti xaricdən virus axınının qarşısını almaq üçün martın sonundan beynəlxalq uçuşları və ölkəyə əcnəbilərin girişini xeyli dərəcədə məhdudlaşdırıb. İndiyədək xaricdən gələn 2517 sərnişinin COVID-19 daşıyıcısı olduğu aşkarlanıb. Hökumətin qərarı ilə xaricdən gələn sərnişinlər öz hesablarına 14 gün karantində qalmalıdırlar. (AZƏRTAC)

Xəbər lenti

Çox oxunanlar