Xəzər Xəbər

Davos İqtisadi Forumu təxirə salınıb

Dünya | 19:13 • 26 Avqust 2020
Davos İqtisadi Forumu təxirə salınıb

Koronavirus pandemiyası səbəbi ilə Davosda keçirilən Dünya İqtisadi Forumunun vaxtı dəyişdirilib.


Bu barədə forumun internet səhifəsində məlumat verilib. Qeyd edilib ki, illik toplantının hər il olduğu kimi gələn ilin yanvar ayında deyil, yay aylarında baş tutması barədə qərar verilib. Dünyanın siyasi liderlərini, aparıcı şirkətlərin rəhbərlərini, ekspert və media mənsublarını bir araya gətirən nüfuzlu beynəlxalq forumun keçirilməsi təhlükəsizlik nöqteyi-nəzərindən məqsədəuyğun hesab edilməyib.


Forumun rəhbərliyi açıqlamasında qeyd edib ki, COVID-19 böhranından sonra dünya iqtisadiyyatının dirçəlməsi və "Böyük yenidən başlanğıc"ın formalaşdırılması üçün birgə müzakirələrin aparılmasına ehtiyac var. Buna görə də 2021-ci il yanvarın 25-dən etibarən qlobal aparıcı qüvvələrin dünyadakı vəziyyətə dair fikirlərini bölüşmələri üçün "Davos dialoqları” adı altında onlayn forum təşkil ediləcək.


İllik forumun dəqiq vaxtı və məkanı ilə bağlı detallar pandemiyanın gedişatı ilə əlaqədar vəziyyətə aydınlıq gəldikdən və iştirakçıların sağlamlığı və təhlükəsizliyinə təminat olduqdan sonra elan ediləcək.

Xəbər lenti