Xəzər Xəbər

İspaniyada Azərbaycana dəstək aksiyası keçirilib

Dünya | 14:36 • 22 İyul 2020
İspaniyada Azərbaycana dəstək aksiyası keçirilib

İspaniya Azərbaycanlılar Birliyinin təşəbbüsü ilə Ermənistanın Madriddəki səfirliyinin binası qarşısında etiraz aksiyası keçirilib.


Ermənilər aksiyaya qatılan soydaşlarımızı təxribata sövq etsələr də, mübariz həmvətənlərimiz soyuqqanlılıqla onları susdura biliblər. İspaniya polisinin müdaxiləsi ilə ermənilər ərazidən uzaqlaşdırılıb.


Tədbirdə İspaniya Azərbaycanlılar Birliyinin sədri Vahid İmanov, Yeni Yazarlar Sənətçilər Birliyinin Avropa təmsilçisi şair Səfa Rəşid, Valensiya Azərbaycanlıları Cəmiyyətinin sədri Mübariz İbrahimov, İspaniya-Azərbaycan Mədəniyyət və Ticarət Assosiasiyasının sədri Fərid Mustafayev, İspaniyanın Torlaveqa şəhərində "Qarabağ” idman klubunun təsisçisi Şamo Eyvazov, Diasporla İş üzrə Dövlət Komitəsinin İspaniyadakı Koordinasiya Şurasının əlaqələndiricisi Yaqut Novruzova, fəal Cəmil Quliyev, digər bölgələrdən, eləcə də Madriddən və Barselonadan gələn soydaşlarımız da iştirak ediblər.


Aksiya zamanı Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi təxribatların sərt şəkildə qınandığı bəyanat oxunub, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Sonra aksiya iştirakçılarının Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmov ilə görüşü olub.


Görüşdə tədbir iştirakçıları Prezident, Ali Baş Komandan İlham Əliyevin çağırışına dəstək olaraq səfərbərlik elan ediləcəyi təqdirdə bir nəfər kimi Vətəni qorumağa hazır olduqlarını bəyan ediblər. (AZƏRTAC)

Xəbər lenti

Çox oxunanlar