Xəzər Xəbər

Amerikalıların əksəriyyəti tarixi abidələrin sökülməsinə qarşıdır - SORĞU

Dünya | 14:46 • 22 İyul 2020
Amerikalıların əksəriyyəti tarixi abidələrin sökülməsinə qarşıdır -

Amerikalıların əksəriyyəti qaradərili insanların hüquqları uğrunda "Black Lives Matter” hərəkatını dəstəkləyir, lakin Vətəndaş müharibəsi illərində (1861-1865) Cənub quldarlıq ştatları konfederasiyası xadimlərinin və prezidentlərin abidələrinin sökülməsinə qarşı çıxır.


Xezerxeber.az xəbər verir ki, bu barədə məlumat "The Washington Post” qəzetinin və ABC telekompaniyasının sifarişi ilə hazırlanan ictimai rəy sorğusunun nəticələrində yer alıb.


Sorğuya əsasən, amerikalıların 63 faizi "Black Lives Matter” hərəkatını dəstəkləyir. Əsas etnik qrupların nümayəndələri arasında isə hərəkatın tərəfdarları daha çoxdur. Belə ki, "Black Lives Matter” ağdərili amerikalıların 54 faizinin, Latın Amerikasından gələnlərin 74 faizinin, qaradərili vətəndaşların isə 90 faizinin rəğbətini qazanıb.


Fikir ayrılığı partiya xəttində daha qabarıq nəzərə çarpır. Demokratların 92 faizi hərəkatın tərəfdarı olduğu halda, respublikaçıların 62 faizi onun əleyhdarıdır.


Bununla yanaşı, amerikalıların əksəriyyəti – 52 faizi konfederasiya xadimlərinin abidələrinin sökülməsinin əleyhinə çıxır, 43 faizi isə onlardan qurtulmaq barədə çağırışları dəstəkləyir. Bu, həmçinin quldarlıqla məşğul olan Corc Vaşinqton (1732-1799) və ya Tomas Cefferson (1743-1826) kimi Amerika prezidentlərinə aiddir. Dövlət başçılarının abidələrinin sökülməsinə qarşı çıxan vətəndaşların sayı 68 faiz, əleyhinə çıxanların sayı isə 25 faiz təşkil edir.


Qeyd edək ki, mayın 25-də qaradərili Corc Floydun polis tərəfindən öldürülməsi ilə bağlı insidentdən sonra ABŞ-ın bir çox şəhərlərini etiraz dalğası bürüyüb. Etirazlar ABŞ-da vətəndaş müharibəsi zamanı quldarlığın hökm sürdüyü Cənubun general və əsgərlərinin, həmçinin sol fəallar tərəfindən Amerikanın yerli sakinlərinin soyqırımında ittiham olunan səyyah Xristofor Kolumbun abidələrindən də yan keçməyib. Bir çox abidə hakimiyyət orqanlarının qərarı ilə sökülüb və ya etirazçılar tərəfindən dağıdılıb.

Xəbər lenti