Təbii ki, karantin tədbirləri koronavirus infeksiyasının yayılmasını ləngitməyə kömək edir. Lakin epidemiyanı dayandırmaq üçün yeni yoluxma mənbələrini tapmaq, yoluxmuş insanlarla təmasda olanları müəyyənləşdirmək və onları təcrid etmək çox vacibdir. Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Qebreyesusun sözlərinə görə, "həyatı xilas etmək üçün vaksin gözləmək lazım deyil”.
Xezerxeber.az BMT-nin xəbərlər xidmətinə istinadla bildirir ki, ÜST-nin nümayəndələri COVID-19 vaksininin uğurlu sınaqlarına dair məlumatı alqışlayıblar.
Vaksin sınağının birinci mərhələsinin uğurla başa çatması barədə elmi məlumatlar nüfuzlu "Lanset” jurnalının sonuncu nömrəsində dərc edilib. Alimlər bildirirlər ki, 18-55 yaş arasında mindən çox insanın iştirak etdiyi klinik sınaqların birinci mərhələsinin nəticələrinə əsasən namizəd-vaksin əlavə ciddi mənfi təsirlərə səbəb olmur, koronavirusa immun reaksiya verən anticisimlərin və T-hüceyrələrini neytrallaşdıran virusların yaranması üçün şərait yaradır. Vaksinin təkrar tətbiqi bu təsiri daha da artırır.
ÜST-nin Fövqəladə Hallar şöbəsinin direktoru doktor Maykl Rayan İngiltərə alimlərini bu uğur münasibətilə təbrik edib. O, bildirib ki, daha 23 "ümidverici vaksin-namizəd” işlənib hazırlanma mərhələsindədir, iki tədqiqatın, o cümlədən Oksford Universiteti alimlərinin məhsulu haqqında materiallar artıq elmi jurnallarda dərc edilib. Doktor Rayan söhbətin yalnız sınaqların ilk mərhələsindən getdiyini və hələ qarşıdakı yolun uzun olması barədə xəbərdar edib. "Lakin bu, çox yaxşı xəbərdir”, - deyə o vurğulayıb.
ÜST-nin rəhbəri doktor Tedros Qebreyesus qeyd edib ki, pandemiyaya qarşı mübarizədə ən vacib vasitələrdən biri yoluxmuş şəxslərlə təmasda olanların təcrid olunmasıdır. "İstənilən şəraitdə bu, hər bir ölkə üçün vacib məsələdir. Bu, lokal koronavirus ocaqlarının ətrafa yayılmasının vaxtında qarşısını almağa imkan verir”, - deyə doktor Tedros vurğulayıb. Onun sözlərinə görə, hətta koronavirus infeksiyasının artıq geniş yayıldığı ölkələr belə yoluxma ocaqlarını "bölə” və onları ayrı-ayrılıqda söndürə bildikdə bu epidemiyanın qarşısını vaxtında ala bilərlər.
"Yeni yoluxma hallarının artmasına operativ reaksiya verən ölkələr öz iqtisadiyyatını bərpa etməklə yanaşı, virusun yayılmasının qarşısını da ala biləcəklər”, - deyə ÜST-nin rəhbəri əlavə edib. O, əlaqələrin izlənilməsinin vacibliyini vurğulasa da bunun heç də yeganə vasitə olmadığını və kompleks tədbirlər görməyin daha əhəmiyyətli nəticələr verəcəyini ön plana çəkib.
Ümidsiz vəziyyətlərin olmadığına əmin olan Tedrosun sözlərinə görə, ən çətin şəraitdə olsa belə yoluxmuş şəxsləri və onlarla təmasda olanları müəyyənləşdirmək lazımdır. Buna misal olaraq o, silahlı münaqişənin hələ də davam etdiyi Konqo Demokratik Respublikasında Ebolaya qarşı aparılan mübarizəni göstərib. "Biz vaksinlərin hazırlanmasını sürətləndirməyə çalışmalı və eyni zamanda, infeksiyanı dayandırmaq üçün əlimizdə olan bütün vasitələrdən istifadə etməliyik, - deyə T.Qebreyesus bildirib.
ÜST-nin rəhbəri mətbuat konfransı zamanı COVID-19-un yerli xalqlar arasında, o cümlədən pandemiyanın əsas episentrlərindən biri olaraq qalmaqda davam edən Latın Amerikası ölkələrində sürətlə yayılması ilə bağlı narahatlığını bildirib. İyulun əvvəlinə olan məlumata görə, Latın Amerikasında təxminən 70 min nəfər yerli sakin koronavirusa yoluxub və iki min nəfər bu xəstəlikdən dünyasını dəyişib. Qeyd edək ki, ÜST əhalinin bu qrupunu infeksiyadan qorumaq üçün yerli hakimiyyət orqanları ilə əməkdaşlıq edir.