Yaponiyanın "Denka” kimya şirkəti cari həftənin sonlarından başlayaraq koronavirusa qarşı "Avigan” dərmanı üçün zəruri olan üzvi komponentin istehsalını bərpa edəcəyini bəyan edib.
AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, Tokioda yerləşən "Denka” şirkəti mayın 16-dan başlayaraq Niiqata prefekturasının Omi şəhərində yerləşən zavodunda "Avigan” dərmanı üçün əsas komponent hesab edilən dietilmanolatın istehsalını bərpa edəcəyini bildirib.
Yaponiya hökuməti cari maliyyə ilində 2 milyon xəstənin müalicəsi üçün bu dərmanın tədarükünü təmin etməyi planlaşdırır. Bu komponentin sabit tədarükü Çindən ixracdan asılı olduğuna görə, bu işdə ciddi problem yaranıb.
"Denka”nın Yaponiyada dietilmanolatın istehsalı ilə məşğul olan yeganə şirkət olduğu bildirilir. Lakin şirkət 2017-ci ildən bu üzvi maddənin istehsalını dayandırıb.
Yaponiya hökumətinin xahişini nəzərə alan "Denka” şirkəti sabit istehsal zəncirini təmin etmək üçün dietilmanolatın istehsalını bərpa etmək qərarına gəlib.
Şirkətin iyunun sonlarından başlayaraq ildə 2 milyon xəstə üçün "Avigan” dərmanının istehsalı məqsədilə lazım olan qədər komponent hazırlayacağı bildirilir.