Xəzər Xəbər

Koronovirusa yoluxmuş insanlar cəmiyyətdən təcrid ediləcək

Dünya | 09:56 • 14 May 2020
Koronovirusa yoluxmuş insanlar cəmiyyətdən təcrid ediləcək

Danimarka hökuməti koronovirusa yoluxmuş insanları müəyyən edərək onları cəmiyyətdən təcrid edəcək.


AZƏRTAC Danimarka mediasına istinadən xəbər verir ki, Kopenhagendə keçirilən xüsusi mətbuat konfransında ölkənin Baş naziri Mette Frederiksen səhiyyə orqanlarının koronavirusa yoluxmuş insanları və onlarla əlaqədə olan şəxsləri müəyyən edib təcrid etmək istədiyini elan edib.


"Bir insanın testlərdən keçirildiyi və virusun daşıyıcısı olduğu təstiqləndikdən sonra, müvafiq qurumlar dərhal yoluxan şəxslə təmasda olan insanları axtarmağa başlayacaqlar ki, infeksiya zəncirini tez qırsınlar",- deyə Mette Frederiksen bildirib.


Artıq Danimarka hökuməti yerli bələdiyyələrdən otellərdə, yataqxanalarda və yay düşərgələrində otaqlar icarəyə götürmələrini və virusa yoluxması təsdiq edilən şəxslərin oralarda yerləşdirilməsi haqda müvafiq müraciət edib. Virus daşıyıcılarının bu yerlərə yerləşdirilməsi onların yaşadıqları evlərə qayıdaraq, ailələrini təhlükə altına atmaması və ailə üzvilərinin cəmiyyətdə sərbəst hərəkət etmək haqqından məhrum olunmaması səbəbindən həyata keçiriləcək.


Danimarkanın Səhiyyə naziri Magnus Heunike jurnalistlərə açıqlamasında bildirib ki, insanlar könüllü olaraq karantin rejiminə keçməkdən imtina etdiyi halda, onlara qarşı bəzi tədbirlər də görülə bilər. "İstisna edə bilmərəm ki, hakimiyyətin təlimatlara əməl etməyən və yeni infeksiya zəncirləri qurma riskini yaradan insanlara qarşı güc istifadə olunacaq”.


Qeyd edək ki, hazırda Danimarkanın səhiyyə orqanları gündə 10.000-ə qədər koronavirus testləri keçirir. Ancaq hökumətin vədlərinə əsasən, tezliklə testlərin sayı daha da artırılacaq.

Xəbər lenti

Çox oxunanlar