Xəzər Xəbər

May və iyun aylarında hava şəraiti daha isti keçəcək - PROQNOZ

Dünya | 09:02 • 14 May 2020
 May və iyun aylarında hava şəraiti daha isti keçəcək  -

May və iyun aylarında Şimal qütbünün böyük ərazisində havaların adətən olduğundan daha isti keçəcəyi gözlənilir. 


Xezerxeber.az Dünya Meteorologiya Təşkilatına (DMT) istinadla bildirir ki, bu, okean səthinin orta temperatur göstəricilərinin artması ilə bağlıdır.


Proqnoz DMT-nin bütün dünyada yerləşən mərkəzlərindən daxil olan məlumatlara əsaslanır. Adətən istiləşməyə gətirib çıxaran El-Ninyo hava fenomeninin yoxluğuna baxmayaraq, havanın temperaturu rekorda yaxın göstəricilərə çatıb.


Belə ki, 2020-ci ilin apreli güclü El-Ninyonun müşahidə olunduğu 2016-cı ilin aprelindən heç də az isti olmayıb. Yanvar, fevral və martda da havanın temperaturu rekord həddə olub.


DMT-nin başçısı Petteri Talaas deyib: "COVID-19 koronavirusunun yayılması fonunda hava proqnozu və uzunmüddətli iqlim tədqiqatları əvvəlkindən daha böyük əhəmiyyət kəsb edir, çünki havanın temperaturu və yağıntının miqdarı pandemiyadan zərər çəkmiş mühüm iqtisadi sahələrə və səhiyyə sistemlərinə əhəmiyyətli təsir göstərib".


Onun sözlərinə görə, iqlim dəyişmələri ilə əlaqədar okeanın səthi əvvəlkindən daha çox qızır və bu da tropik siklonlar kimi müxtəlif hava kataklizmlərinin tezləşməsinə gətirib çıxarır.


Gözlənildiyinə görə, Sakit okean regionunun Ekvator hissəsinin mərkəzi və şərq rayonlarında yağıntının miqdarı orta göstəricilərə yaxın olacaq. Ekvatordan şimala doğru yerləşən regionda yağışlar həmişəkindən bol olacaq. Cənub-qərbdə və şimal-qərbdə isə yağıntının miqdarı orta göstəricilərdən az olacaq. DMT-nin məlumatına görə, Cənubi Amerika və Karib hövzəsində də eyni mənzərə gözlənilir.

Xəbər lenti