Türkiyə əhalisi arasında ən uzunömürlü insanların yaşadığı Ordu şəhərinin Gölköy ərazisində yeni növ koronavirusa yoluxma faktı qeydə alınmayıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə Türkiyənin Akdeniz Universitetində aparılan araşdırmadan məlum olub.
Ölkənin ən uzunömürlü əhalisinin yaşadığı bu kənddə orta yaş həddi 82-dir.
Aparılan araşdırmada düzgün qidalanma və fiziki məşğuliyyətlərin insanların sağlam qalmasının əsas səbəbi olaraq göstərilir. Otuz min nəfər əhalisi olan bu kənddə 70-80 yaşındaki insanlar hələ də əkin-biçim işləri ilə məşğuldurlar.
Gölköy Bələdiyyəsinin sədri Fikri Uludağ bölgədə başqa şəhərdən gələn bir nəfərdə COVID-19-un aşkarlandığını, lakin onun da artıq sağalaraq evə buraxıldığını bildirib. O, ərazidə xəstəliyin qeydə alınmamasına baxmayaraq insanların sosial məsafə qaydalarına riayət etdiklərini deyib.
Qeyd edək ki, bu kənd ölkədə ən uzunömürlü və sağlam insanların yaşadığı on bölgədən biridir.