Çinin son 2 ildə zəifləyən, cari ilin birinci rübündə isə yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xeyli geriləyən avtomobil bazarı hökumətin stimullaşdırıcı tədbirləri sayəsində özünə gəlməyə başlayıb.
AZƏRTAC Çin Avtomobil İstehsalçıları Assosiasiyasına istinadla xəbər verir ki, ötən ay Çində 2,1 milyon avtomobil istehsal edilib və 2,07 milyonu satılıb. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,3 və 4,4 faiz çoxdur. Apreldəki istehsal və satış mart ayı ilə müqayisədə demək olar ki, yarıbayarı (46,6 və 43,5 faiz) çoxalıb.
Ölkədə COVID-19 infeksiyasına yoluxma hallarının əhəmiyyətli dərəcədə azalması və paralel olaraq hökumətin təşviqedici tədbirləri sayəsində avtomobil bazarının canlanması iqtisadiyyatın bərpasına müsbət təsir edir.
Assosiasiyanın prezidenti Siao Censan yük və sərnişin avtomobillərinin satışının çoxalmasını ölkədə logistika və nəqliyyatın dirçəlməsinin göstəricisi kimi dəyərləndirib.
Qeyd edək ki, 18 il ardıcıl artımın ardından son 2 ildə dünyanın ən böyük avtomobil bazarı olan Çində avtomobil satışlarında azalma müşahidə olunur. 2018-ci ildə satış əvvəlki illə müqayisədə 2,8 faiz, ötən il 8,2 faiz azalıb. Cari ilin birinci rübündə isə pandemiya səbəbindən ölkədə həm istehsal, həm də satış xeyli azalmışdı.