Koronavirus pandemiyası ilə əlaqədar Avstriya və Almaniya arasında bağlanan sərhədlər iyunun 15-də tam şəkildə açılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Avstriya Federal Kansler Aparatı yayıb. Artıq mayın 15-dən etibarən sərhəd nəzarəti yumşaldılacaq və xüsusi hallarda yoxlanışlar həyata keçiriləcək.
Bununla da Avstriya tərəfi Almaniyanın Kansleri Angela Merkel tərəfindən təklif olunan sərhədlərin ikimərhələli açılması prosesini təsdiqləyib. Bununla bağlı müvafiq telefon danışıqları hər iki ölkənin Kanslerləri və Daxili İşlər nazirləri arasında baş tutub.
Qeyd edək ki, Avstriya koronavirus pandemiyasının yayılmasını önləmək üçün mart ayının ortalarında bütün qonşu dövlətlərlə sərhəd nəzarəti tətbiq etməyə başlamışdı və sərhəd nəzarətinin müddəti hazırda mayın 31-dək qüvvədədir. Aprelin 14-dən etibarən məhdudiyyətləri qismən aradan qaldıran Avstriya hökuməti ilk növbədə koronavirus infeksiyasına qarşı müsbət irəliləyişlər əldə edən ölkələrla sərhədləri açacağını elan etmişdi. Sıx iqtisadi əlaqələrə malik olduğuna və bu ölkədə müvafiq irəliləyişlər əldə edildiyinə görə, sərhədlərin açılacağı ilk ölkə də Almaniya olacaq.
Federal Kansler Sebastian Kurts bildirib ki, mərhələli şəkildə sərhədlərin açılması digər qonşu ölkələrlə, ilk növbədə İsveçrə və Lixtenşteynlə, daha sonra isə şərqdəki qonşularla baş tuta bilər.