Rusiyada yeni növ koronavirus COVİD-19 infeksiyasına yoluxanların sayı 232 243 nəfərə çatıb. Gün ərzində həkimlər daha 10 899 yeni yoluxma halı aşkarlayıblar.
Bu barədə federal operativ qərargah məlumat yayıb.
Müalicəsini davam etdirən insanların sayı 186 615, sağalanların sayı isə 43 512 nəfərdir. Rusiyada epidemiya başlayandan bəri 2116 koronavirus xəstəsi ölüb, onlardan 107-si son 24 saatda dünyasını dəyişib.
Rusiya son göstəricilərə əsasən, virusa yoluxanların sayına görə Böyük Britaniya və İspaniyanı geridə qoyub və dünya üzrə ikinci yerə yüksəlib. Con Hopkins Universitetinin məlumatına görə, sözügedən ölkələrdə müvafiq olaraq 224 332 və 227 436 koronaviruslu xəstə aşkar edilib.
Bu göstəriciyə görə dünya üzrə birinci yerdə ABŞ dayanır. Birləşmiş Ştatlarda 1,3 milyon nəfərdən çox insan koronavirusa yoluxub.