Taliban 17 əfqan polisi və hərbi əsirlərin sərbəst buraxıldığını elan edib.
Bu barədə hərəkatın sözçüsü Zabihullah Mücahid açıqlama verib.
"Dünən günortadan sonra Badgis əyalətində Kabilin 17 hərbçi və polisi sərbəst buraxıldı”, - Mücahid deyib.
Onun sözlərinə görə, Taliban məhbusların (əsirlərin) hər birini geyim və 5 min əfqani (təxminən 65 ABŞ dolları) ilə təmin edib.
Bundan əvvəl Əfqanıstan Milli Təhlükəsizlik Şurası ölkə hakimiyyətinin radikal Taliban hərəkatının min üzvünü həbsdən azad etdiyini açıqlayıb.
Taliban Əfqanıstan hakimiyyətindən ABŞ-la razılaşma əsasında 5 min məhbusun sərbəst buraxılmasını tələb edir. Əfqanıstan hökuməti tədricən 1500 məhkumun sərbəst buraxılmasına razılıq verib.
Qeyd edək ki, fevral ayının sonunda Qətərdəki konfransda ABŞ və Taliban 18 ildən çox davam edən müharibədə ilk sülh sazişini imzaladı, bu da 14 ay ərzində xarici qoşunların Əfqanıstandan çıxarılmasını və məhbus mübadiləsi sazişindən sonra mart ayında əfqan hökuməti ilə Taliban arasında dialoqun başlanmasını ehtiva edir./teleqraf