Xəzər Xəbər

Türkiyə 19 ölkə ilə uçuşları bərpa edir – Nazirlər söz verdilər

Dünya | 15:40 • 11 May 2020
Türkiyə 19 ölkə ilə uçuşları bərpa edir

Türkiyə yeni mövsümdə turist cəlb etmək üçün Böyük Britaniya, Rusiya və Almaniya ilə danışıqlar aparır. Ankara iyul ayında turist axınının bərpasına ümid edir, bununla yanaşı qiymətlərin artmaması üçün tədbirlər görəcəyini və eyni zamanda gigiyena qaydalarına riayət olunacağını vəd edir.

Bu barədə "Hürriyet Daily News” məlumat yayıb.

Qeyd edilir ki, bu həftə Türkiyənin Xarici İşlər, Mədəniyyət və Turizm nazirləri ölkənin turizm sənayesinin bərpası perspektivlərini müzakirə etmək və qiymətləndirmək üçün sənaye nümayəndələri, valilər, millət vəkilləri ilə görüşüblər. Nazirlər bildiriblər ki, iyul ayında otellərdə yerləşənlərin sayının artacağını gözləyirlər. Onlar 19 ölkə üzrə 22 istiqamətdə uçuşları bərpa edəcəklərinə söz veriblər.

Bildirilir ki, Türkiyənin Xarici İşlər naziri Böyük Britaniyadakı, Almaniyadakı və Rusiyadakı həmkarları ilə davamlı əlaqə saxladığını, Türkiyənin pandemiyaya qarşı nə qədər uğurla mübarizə apardığını onların diqqətinə çatdırdığını qeyd edib. Mədəniyyət və Turizm naziri isə məktəblərdə imtahanlardan sonra – iyul ayının ilk həftəsində daxili turizmə başlamağı təklif edib.

Türkiyənin bəzi əyalətlərində hərəkətə məhdudiyyətlər artıq aradan qaldırılıb və bura ölkənin əsas turizm bölgələri də daxildir. İyulun ortalarında isə xarici turizmin bərpası gözlənilir. "Hürriyet Daily News”un yazdığına görə, digər məqamlarla yanaşı Türkiyə hakimiyyəti qiymətlərdə həddindən artıq sıçrayışın qarşısını almaq, habelə hava limanlarında və turistik yerlərdə gigiyena qaydalarına ciddi əməl olunmasını təmin etmək üçün tədbirlər görmək niyyətindədir./Teleqraf.com

Xəbər lenti