Çin ABŞ Prezidenti Donald Trampın imzaladığı "Tayvan aktı"na sərt etirazını bildirib və bu addımın cavabsız qalmayacağı barədə xəbərdarlıq edib.
Çin Xalq Respublikası (ÇXR) Xarici İşlər Nazirliyinin rəsmisi Qen Şuan ABŞ Nümayəndələr Palatasında martın 4-də qəbul olunmuş və Prezident Donald Trampın martın 26-da imzaladığı aktın "Vahid Çin" prinsipinə və Çin-ABŞ birgə bəyannaməsinə zidd olduğunu deyib. Qen Şuan bildirib ki, Tayvan adasındakı qondarma "Çin Respublikası" ilə dipomatik əlaqələrin qurulmasının təşviqinə yönələn "Tayvan müttəfiqlərinin beynəlxalq müdafiəsi və möhkəmləndirilməsi təşəbbüsü - 2019" adlı akta heç bir haqq qazandırmaq mümkün deyil, çünki o, digər suveren dövlətlərin Çin ilə normal münasibətlərə can atmasına mane olur.
ABŞ da daxil olmaqla 180 ölkənin ÇXR ilə "Vahid Çin" prinspinə əsaslanan diplomatik əlaqələr qurduğunu yada salan Çin rəsmisi, Vaşinqtonu səhvlərini düzəltməyə çağırıb. Əks halda Çin cavab tədbirləri görəcək.
Prezident Donald Tramp "Tayvan aktı"nı ÇXR Sədri Si Cinpin ilə iki ölkənin koronavirus pandemiyasına qarşı birgə mübarizəsinə həsr olunan telefon danışığından bir neçə saat əvvəl imzalayıb.
Qeyd edək ki, İkinci Dünya müharibəsindən sonra Çində Mao Cedonun rəhbərlik etdiyi kommunistlər Çan Kayşinin liderliyindəki Koumintan qüvvələrinə qalib gələrək, Çin Xalq Respublikasının (ÇXR) yaradıldığını elan ediblər. "Vahid Çin” prinsipinə əsaslanan ÇXR Tayvandakı qondarma "Çin Respublikası”nın mövcudluğunu qəbul etmir və adanın Çin Xalq Respublikasının tərkib hissəsi olduğunu bildirir. Rəsmi Pekin ÇXR ilə diplomatik əlaqələri olan ölkələrin Tayvan ilə istənilən formada rəsmi təmasına qəti etiraz edir. ÇXR Sədri Si Cinpin "Tayvandakı həmvətənlərə məktub”un 40-cı ildönümü ilə əlaqədar ötən il Pekində keçirilən mərasimdə "Çin birləşdirilməlidir və birləşdiriləcək. Tayvan məsələsi milli zəiflikdən və qarışıqlıqdan yaranıb, şübhəsiz ki, milli bütövləşmə ilə aradan qalxacaq” deyib. Xaricdən Tayvan məsələsinə müdaxilənin qəbuledilməz olduğunu diqqətə çatdıran Si Cinpin deyib ki, 1949-cu ildə Çin Xalq Respublikasının qurulmasından bəri Çin Kommunist Partiyası, Çin dövləti və xalqı tarixi bir vəzifə olaraq ölkənin birləşdirilməsi üçün Tayvan məsələsinin həlli istiqamətində əzmlə çalışıb.
Azərbaycan da "Vahid Çin” siyasətini dəstəkləməklə, Tayvanı ÇXR-in tərkib hissəsi kimi qəbul edir. (AZƏRTAC)