Fransa Prezidenti Emmanuel Makron elmi tədqiqatlar üçün 10 il müddətinə 5 milyard avro ayırıb.
Fransa Prezidenti COVID-19 virus epidemiyasının qızğın vaxtında Paster İnstitutunun koronavirus üzrə çalışan tədqiqatçıları ilə görüşdən sonra bu qərarı qəbul edib.
O bildirib ki, Milli Tədqiqat Agentliyinin büdcəsinin artırılması tədqiqatçıların karyerasının dəyərləndirilməsi, gənc professorlar üçün yeni kafedralar yaradılması və tədqiqat sisteminin səmərəliliyinin artırılması məqsədini daşıyır.
Tədqiqat üçün ayrılmış bu məbləğ hazırlanmaqda olan Tədqiqatların Çoxillik Proqramlaşdırılması Qanunu (LPPR) çərçivəsində həyata keçiriləcək.
Koronavirus epidemiyası ilə bağlı elmi tədqiqatlar bu gün dünya ölkələrinin diqqət mərkəzindədir.
Xatırladaq ki, ötən həftə ABŞ Prezidentinin COVID-19 virusuna qarşı vaksin hazırlayan CureVac laboratoriyasını almaq cəhdinə Almaniyanın İqtisadiyyat naziri Peter Altmalier "Almaniya satılmır” deyə cavab verib.
Almaniya koronavirus epidemiyasından ən az ölüm olan ölkədir. Martın 17-dək Almaniyada koronavirus epidemiyasına 8604 yoluxmaya qarşı 23 ölüm, Fransada isə 7730 yoluxmaya 175 ölüm olub./axar.az