Xəzər Xəbər

Dünyanı koronavirusdan bu metod xilas edəcək 7 min 500 dollar və...

Dünya | 10:16 • 20 Mart 2020
Dünyanı koronavirusdan bu metod xilas edəcək

Dünya miqyasında koronavirusa yoluxma faktının ən çox rast gəlindiyi ölkələrdən səkkizincisi olan Cənubi Koreyada pandemiya ilə mübarizə üçün çox fərqli metod tətbiq edilir.

XəzərXəbər xəbər verir ki, bu ölkədə yoluxma faktının 8 min 500 olmasına rəğmən, sadəcə 91 nəfər dünyasını dəyişib. Bu rəqəm isə dünya miqyasında koronavirusdan dünyasını dəyişənlərin statistikasından olduqca aşağıdır.

Bəs 50 milyon nəfərlik əhaliyə sahib Cənubi Koreya 29 fevralda qeydə alınan günlük 909 yoluxma faktını 17 martda 74-ə necə endirib? Mütəxəssislər bu işin sirrinin şübhə daşıyan hər kəsdən analiz götürülməsi olduğunu bildirir. Cənubi Koreya bu günə qədər 270 min nəfərdən koronavirus analizi götürüb. Bu da hər bir milyon insandan 5 min 200 nəfərin analiz verməsi deməkdir.

Cənubi Koreyanın tətbiq etdiyi bu metodun digər ölkələr üçün də nümunə ola biləcəyini bildirən Koreya Universitetinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Kim Vu-Co demokratik ölkənin karantinə alınmasının məntiqli olmadığını deyib.

Cənubi Koreya təcrübəsi diaqnostik potensialın epidemiya ilə mübarizədə açar rol oynadığını göstərir. Bu ölkənin koronavirusla savaşını yaxından müşahidə edən Sidney mərkəzli Yeni Cənubi Uels Universitetinin Yoluxucu xəstəliklər üzrə mütəxəssisi Raina Makintri epidemiyanın nəzarətdə saxlanmasında təması müşahidə etmə və hər yoluxma faktını izolyasiya etməyin həyati əhəmiyyətə sahib olduğunu vurğulayıb.

Lakin Cənubi Koreya modelinin uğurlu olub-olmadığını müzakirə edənlər də var. Çünki ölkədə 5 min yoluxma faktı bir mərkəzdən çıxıb. Gizli və ya qapalı fəaliyyət göstərən Şinçeonji Məsih Kilsəsində keçirilən ayində ilk koronavirus xəstəsi ortaya çıxanda məkandakı hər kəs karantinə alındı və analiz aparıldı. Ölkədəki bu xüsusi faktla bağlı açıqlama verən Seul Milli Universitetinin Yoluxucu xəstəliklər üzrə mütəxəssisi Oh Myunq-Don bu yoluxmanın genişmiqyaslı olduğu üçün oraya xüsusi diqqət ayırdıqlarını bildirib.

Cənubi Koreyanın koronavirusla mübarizədə belə təcrübəli davranması isə 2015-ci ildə qeydə alınan Mərkəzi Asiya Tənəffüs Çatışmazlığı Sindromu ilə bağlıdır. Mərkəzi Asiyanın 3 ölkəsini səyahət edən bir koreyalı virusa yoluxduqdan sonra 186 insana onu keçirmiş və 36-nın ölümünə səbəb olmuşdu. Ölkədə 17 min insan karantinə alınmış, iqtisadiyyata ciddi zərbə vuracaq tədbirlər həyata keçirilmişdi. Kim Vu-Co bildirir ki, Mərkəzi Asiya Tənəffüs Çatışmazlığı Sindromu təcrübəsi laboratoriya testinin yoluxucu xəstəliyi nəzarətdə saxlamaqda əsas şərt olduğunu onlara öyrədib.

Bundan başqa, Cənubi Koreyada karantin şərtlərinə əməl etməyənlərə 2 min 500 dollar cərimə kəsilir. Koreya hökuməti bu qaydanı sərtləşdirməyə hazırlaşır. Belə ki, qaydalara riayət etməyənlər bundan sonra 7 min 500 dollar cərimə ödəyəcək və həbsə məhkum ediləcək.

Qeyd edək ki, Cənubi Koreya hökuməti COVID-19 sindromuna yoluxan şəxslərin smartfon, kredit kartı və digər məlumatlarını yüklədiyi tətbiq yaradıb. Bu tətbiq sosial mediada paylaşılır və vətəndaşlara xəbərdarlıq edilir. Beləliklə qan analizi pozitiv nəticə verənlərlə təmasda olanlar xəbərdar olur.

Xəbər lenti

Çox oxunanlar