Xəzər Xəbər

ABŞ-da koronovirusdan ölənlərin sayı 147 nəfərə çatıb

Dünya | 15:26 • 19 Mart 2020
ABŞ-da koronovirusdan ölənlərin sayı 147 nəfərə çatıb

ABŞ-da koronovirus xəstəliyindən ölüm hallarının sayı hər gün artır.

Martın 18-nə olan məlumata görə, ABŞ-də son üç həftə ərzində 140-dan çox ölüm hadisəsi qeydə alınıb. Virus sürətlə yayılır. Çərşənbə günü səhər Nyu-York ştatında 1000-dən çox yeni yoluxma halı aşkarlanıb.

ABŞ-ın 50 ştatında və paytaxt Vaşinqtonda koronavirusa yoluxma hallarının ümumi sayı artaraq 8264-ə çatıb. Cons Hopkins Universitetinin məlumatına görə, virusa yoluxmuş 147 xəstə həyatını itirib. Ştatların çoxunda məktəblər, ictimai müəssisələr bağlanıb. Əyləncə gecələri, görüşlər və idman tədbirləri ləğv edilib. Bəzi yerlərdə insanların evdən çıxmasına qadağalar qoyulub.

Ölümlə nəticələnmiş 147 yoluxma halının 35-i Vaşinqton ştatındakı qocalar evinin payına düşür. Ştatda hər gün bir neçə yüz yeni yoluxma qeydə alınır. Çərşənbə axşamı günü yeni yoluxma hallarının sayı 1300-dən çox olub.

Antarktida istisna olmaqla, bütün qitələrə yayılmış xəstəlik dünya üzrə ümumən 219 mindən çox insana yoluxub. Cons Hobkins Universiteti yanında sistemotexnika və mühəndislik Mərkəzinin məlumatına əsasən, koronavirus 8700-dən çox insanın həyatına son qoyub. (AZƏRTAC)

Xəbər lenti