Xəzər Xəbər

Fransada yaşayan həmvətənimiz bələdiyyə şurasına üzv seçilib

Dünya | 09:01 • 18 Mart 2020
Fransada yaşayan həmvətənimiz bələdiyyə şurasına üzv seçilib

Fransada keçirilmiş bələdiyyə seçkilərinin birinci turu həmvətənimiz Kamran Kalpalıyev üçün də uğurlu olub.

AZƏRTAC xəbər verir ki, Fransanın Val-d’Uaz departamentinin Brinyankur kommunasından namizədliyini irəli sürmüş Kamran Kalpalıyev 51,02 faiz səs toplayaraq ilk beşlikdə qərarlaşıb.

Qısa müddət əvvəl Brinyankura köçmüş K.Kalpalıyev yaşadığı şəhərin həyatına yenilik gətirmək məqsədilə bələdiyyə seçkilərinə qatılıb. Şəhərə təzə gəldiyinə və sakinlərin onu tanımadığına görə seçiləcəyinə inanmayan K.Kalpalıyev 148 səsdən 75-ni toplayıb. Beləliklə, o, Brinyankur Bələdiyyə Şurasının üzvü olub.

Fikirlərini AZƏRTAC-ın xüsusi müxbiri ilə bölüşən Kamran Kalpalıyev deyib: "2008-ci ildə Fransaya gəlmişəm. Əvvəllər Paris yaxınlığında yaşayırdım. Val-d’Uaz departamentinin Brinyankur kommunasına köçdüyüm isə qısa müddətdir. Bu kommunanın meri bir neçə dəfə təkrar seçilib. Sakinlər isə yenilik görmək istəyirdilər. Bələdiyyə seçkiləri ərəfəsində sakinlər toplaşıb iclas keçirdilər. Həmin iclasda bildirildi ki, kim istəsə bələdiyyə seçkilərinə namizədliyini irəli sürə bilər. Düşündüm ki, mən də namizədliyimi verim. Qıza müddətdə namizədliyimi irəli sürdüm, çünki yerlər məhdud idi.

Yeni namizədlərlə bərabər, meriyada uzun müddət işləyənlər də namizədliklərini irəli sürmüşdülər. Beləliklə, ilk dəfə olaraq bu şəhərdə bələdiyyə seçkiləri üçün iki siyahı hazırlandı və sakinlərə seçim verildi. Əvvəllər həmişə eyni namizədlər olduğu üçün sakinlər seçkilərdə fəal olmurdular. Ancaq bu dəfə koronavirus epidemiyasına rəğmən, 174 seçicidən 148-i səsvermədə iştirak etdi. İlk dəfə idi ki, sakinlərin əksəriyyəti səsverməyə gəlmişdi. Bu, bir daha göstərir ki, şəhərin sakinləri dəyişiklik istəyirdilər.

Mənə etibar edərək səs verdiklərinə görə Brinyankur şəhərinin sakinlərinə təşəkkür edirəm və onların etibarın doğrultmağa çalışacağam”.

Xəbər lenti

Çox oxunanlar