Yaponiyanın Baş Naziri Şinzo Abe G7 ölkələri liderlərini koronavirus pandemiyasına qarşı birlikdə mübarizə aparmağa çağırıb.
Ş.Abe bu çağırışla G7 liderlərinin iştirakı ilə keçirilən videokonfrans zamanı çıxış edib.
Təqribən 50 dəqiqə davam edən videokonfransdan sonra Ş.Abe jurnalistlərin qarşısında çıxış edib. Baş Nazir bildirib ki, videokonfrans zamanı o, digər liderlərə indiki dövrdə əsas diqqətin koronavirusa qarşı dərmanın hazırlanmasına yönəldilməsinin vacibliyini deyib. Qeyd edib ki, əhalinin narahatlığının aradan qaldırılmasına da xüsusi diqqət yetirilməlidir.
Yaponiya Baş Nazirinin bildirdiyinə görə, G7 liderləri onun pandemiyanın iqtisadiyyata vurduğu zərərə uyğun olaraq iqtisadi və vergi tədbirlərinin görülməsinin zəruriliyi barədə təklifini də bəyəniblər.
Ş.Abe, həmçinin G7 ölkələrinin virusa qarşı mübarizədə bütün lazımi tədbirləri birlikdə görəcəkləri barədə dəqiq müraciətin qəbulunun vacibliyini də qeyd edib. Əldə edilən razılığa əsasən, liderlərin birgə bəyanatı sonradan dərc ediləcək.
Yaponiya Baş Ndediyinə görə, liderlər "Tokio 2020” Olimpiya və Paralimpiya oyunlarını keçirilməsi barədə onun ölkəsinin cəhdlərini dəstəklədiklərini də bildiriblər.
Ş.Abe əlavə olaraq bildirib ki, liderlər virusa qarşı mübarizənin G7 ölkələrinin və digər dövlətlərin əlbir fəaliyyəti nəticəsində qələbə ilə başa çatacağı barədə fikri də dəstəkləyiblər. (AZƏRTAC)