Xəzər Xəbər

DST: Koronavirus dövrümüzün ən böyük səhiyyə böhranıdır

Dünya | 13:21 • 17 Mart 2020
 DST: Koronavirus dövrümüzün ən böyük səhiyyə böhranıdır

Dünya Səhiyyə Təşkilatı (DST) üçün koronavirus pandemiyası dövrümüzün ən böyük səhiyyə böhranıdır.

Bu fikri təşkilatın baş direktoru Tedros Adhanom Hebreyesus Cenevrədə keçirilən brifinqdə bildirib. Qeyd edilib ki, hazırda dünyanın digər ölkələrində yoluxma və ölüm halları Çindəki göstəriciləri üstələyib.

DST rəhbərinə görə, koronavirusa qarşı mübarizədə müayinə və testlərin sayı artırılmalıdır: "Bizim çağırışımız çox sadədir: Test edin, test edin, test edin! Gözləri bağlı halda alova qarşı mübarizə aparmaq mümkün deyil”.

DST rəhbəri, həmçinin dünyanın bir sıra ölkələrində koronavirusa qarşı mübarizədə sərt tədbirlərin görülməsini alqışlayıb. O, test və müayinələrlə yanaşı yoluxanlar və onlarla təmasda olan şəxslərin ciddi şəkildə cəmiyyətindən təcrid olunmasının vacibliyini vurğulayıb. Çünki infeksiyanın əlamətləri yox olduqdan sonra xəstələnmiş şəxs hələ iki həftə boyunca ətrafındakı insanları yoluxdura bilər. Ona görə də ev şəraitində karantində olan şəxslər və onların yaxınları ehtiyat tədbirləri görməli, qaydalara ciddi riayət etməlidirlər.

Buna görə də DST ötən dövr ərzində dünyanın 120 ölkəsinə 1,5 milyon test göndərib. O, pandemiyanın iqtisadiyyatı zəif inkişaf etmiş ölkələrə daha ağır zərbə vura biləcəyindən narahatlığını da ifadə edib. (AZƏRTAC)

Xəbər lenti